İlk iclası fevralın 19-da Vaşinqtonda keçiriləcək Qəzza üzrə Sülh Şurası XXI əsrdə sülh quruculuğunun yeni formatı olacaq.
"Report" xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ermənistana səfərini başa vurarkən jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Şuranın sədri kimi ilk iclasda dünyanın hər yerindən bir sıra liderləri qəbul etməyə böyük həvəslə hazırlaşır.
"Hesab edirəm ki, Sülh Şurası 21-ci əsrdə sülhün necə yaradılması və qorunması baxımından yeni bir nümunə olacaq. Prezident Trampın qeyd etdiyi kimi, BMT-nin bütün əhəmiyyətinə baxmayaraq, o çox vaxt öz potensialını tam reallaşdırmır. Trampın bu Sülh Şurası vasitəsilə etməyə çalışdığı - Qəzzada və Yaxın Şərqdə dayanıqlı sülhə nail olmaqdır. Lakin mən həm də hesab edirəm ki, o, yaxın gələcəkdə çoxlu sayda möhkəm sülh sazişlərinin bağlanmasına gətirib çıxaracaq infrastruktur formalaşdırmağa qadirdir", - Vens əlavə edib.