Münasibətlərdə etibar çox vaxt öz-özünə mövcud olan bir anlayış kimi görünür. Ta ki, xırda bir detal yaranıb bu etibarı çatladana qədər. Psixoloqlar xəbərdarlıq edirlər ki, bu cür çatlar görməməzliyə vurulduqca sürətlə dərin uçuruma çevrilə bilər.
Lent.az xəbər verir ki, mütəxəssislərin fikrincə, etibar qəfil yox olmur.
O, kiçik, lakin davamlı təkrarlanan səhvlər nəticəsində tədricən dağılır. Bu səhvləri həm kişilər, həm də qadınlar eyni tezliklə edirlər.
Psixoloqlara görə, ən birinci və ən geniş yayılmış səhv yarımçıq danışmaqdır. İnsanlar qarşı tərəfi incitməmək üçün bəzi xırda məqamları gizlətdiklərini düşünürlər. Lakin partnyor sözsüz də yalanı və gizlədilənləri hiss edir. Etibarsızlıq məhz bu cür kiçik sirlərlə başlayır və insanın yanında nəsə gizlədən birinin olduğu hissini yaradır.
İkinci ciddi səhv hisslərin dəyərsizləşdirilməsidir. “Sən hər şeyi uydurursan” və ya “şişirtmə” kimi ifadələr emosional bağı zəiflədir. İnsan dinlənilmədiyini və başa düşülmədiyini hiss etdikdə daxilən qapanır. Bununla da açıqlıqla birlikdə etibar da yox olur.
Üçüncü səhv isə çətin anlarda dəstəyin olmamasıdır. İnsan problemlə üzləşəndə tənqid yox, dayaq gözləyir. Əgər münasibətdə güvəniləcək bir çiyin hissi yoxdursa, əlaqə formal xarakter alır. İnsanlar birlikdə yaşayır, amma həqiqətdə bir yerdə olmurlar.
Psixoloqlar vurğulayırlar ki, etibar abstrakt anlayış deyil. O, hörməti göstərən gündəlik davranışların nəticəsidir. Partnyorlar açıq danışanda, diqqətlə qulaq asanda və bir-birinə dayaq olanda münasibət möhkəmlənir, hətta münaqişələrdən sonra belə.
Lakin səhvlər davamlı şəkildə təkrarlanarsa, etibar yavaş-yavaş, amma qaçılmaz şəkildə ölür. Onu sonradan bərpa etmək isə demək olar ki, mümkün olmur. Münasibətləri romantika deyil, etibarlılıq ayaqda saxlayır. Yanında səni yarı yolda qoymayacağına əmin olduğun bir insanın olması ailənin əsas dayağıdır. Bu anlayış hər iki tərəf üçün aydın olduqda, münasibətlər daha möhkəm və dayanıqlı olur.
cütlük münasibət