IMG-LOGO

Allahşükür Paşazadə Roma Papasını Azərbaycana dəvət edib

10 Feb 2026 15:20 2 baxış
IMG

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Vatikanda Müqəddəs Taxt-Tacın və Katolik Kilsəsinin başçısı Zati-müqəddəsləri Roma Papası XIV Leonu Azərbaycana dəvət edib.

QMİ-dən "Report"a verilən məlumata görə, A.Paşazadə dəvəti Azərbaycandakı dini konfessiyalarla birgə Vatikana səfəri zamanı edib.

A.Paşazadə qeyd edib ki, 2027-ci il Azərbaycanla Müqəddəs Taxt-Tac arasında diplomatik əlaqələrin qurulmasının 35 illiyinin, Ümummilli Lider Heydər Əliyevlə Müqəddəs İohann Pavel arasında ilk görüşün 30-cu ildönümü qeyd olunacağı ildə Roma Papasının Azərbaycana səfərinin xüsusilə əlamətdar olar. Bununla əlaqədar Şeyxülislam A.Paşazadə Azərbaycandakı Dini Konfessiyaların Məşvərət Şurası adından Azərbaycana dəvət məktubunu Roma Papası XIV Leoya təqdim edib.

Papa XIV Leo Azərbaycandakı dini konfessiyaların birlikdə Vatikana gəlməsini sülh, insan qardaşlığı mühitində birgəyaşayışın mümkünlüyünün ən gözəl nümunəsi olaraq yüksək dəyərləndirib.

QMİ sədri bildirib ki, Azərbaycanla Müqəddəs Taxt-Tac arasında əlaqələrinin inkişafına qarşılıqlı dövlət səfərləri, dövlət rəsmiləri və multikultural dini ictimaiyyət nümayəndələri ilə məhsuldar və səmərəli görüşlər böyük töhfə verir:

"Müqəddəs Taxt-Tacla Azərbaycan arasında dövlətlərarası münasibətlərin inkişafının dinlərarası əlaqələrimizin dərinləşməsinə rəvac verməsi təqdirolunası haldır. Dini mərkəzlər - Vatikanla QMİ arasında onilliklərə dayanan, Uca Yaradanın buyurduqlarına istinadən səmərəli dini-mənəvi münasibətlər dünya miqyasında dinlərarası dialoq prosesinə töhfə olan örnək nümunədir".

QMİ sədri vurğulayıb ki, Azərbaycan və Ermənistan siyasi liderlərinin regionda sülh üçün böyük, davamlı səylər göstərdiyi bir zamanda erməni kilsəsinin bu prosesi tanımaması, Uca Yaradana xoş gedən sülhü dəstəkləməməsi təəssüf doğurur. Revanşist mövqedən çıxış edən erməni kilsəsinin dini abidələrinin dağıdılması ilə bağlı yaydığı məlumatların doğru olmadığını, Bakının mərkəzi hissəsində erməni kilsəsinin mövcudluğunu qeyd edən Şeyxülislam A. Paşazadə Pontifikin Azərbaycana səfəri zamanı bu reallıqları bilavasitə müşahidə edə biləcəyini vurğulayıb.

Şeyxülislam A. Paşazadə Vatikanla Qafqaz Müsəlmanları İdarəsi arasında dinlərarası əməkdaşlıq müstəvisində əlaqələrin səviyyəsindən məmnunluğunu ifadə edərək bu münasibətlərin daha da dərinləşdirilməsinin vacibliyinə diqqəti çəkib, QMİ-nin Vatikanda nümayəndəliyinin təsis olunmasının bu prosesə böyük töhfə verə biləcəyini vurğulayıb.

Görüşdə çıxış edən Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol prefekturasının ordinarisi Yepiskop Vladimir Fekete Azərbaycanda fəaliyyət göstərdiyi 17 il ərzində ölkədəki dinlərarası münasibətlərin yüksək səviyyəsindən bəhs edib.

Xəbər lenti