IMG-LOGO

"Hər bir uşaq məktəbdə süni intellektdən təhlükəsiz istifadə etməyi öyrənməlidir" - Nigar Məmmədova

10 Feb 2026 13:44 4 baxış
IMG
2 0

"Uşaq hüquqlarının qorunması bütün dünyada hökumətlərin əsas öhdəliklərindən biridir. Hazırda təqdim olunan “Uşaq hüquqları haqqında” qanun da uşaqların hüquqlarının qorunmasına kompleks və sistemli yanaşmanı təmin edir. Əsas məqsəd uşaqların fiziki, mənəvi, psixoloji və sosial inkişafı üçün təhlükəsiz və sağlam mühitin yaradılmasıdır".

Lent.az xəbər verir ki, bu sözləri deputat Nigar Məmmədova bildirib.

Xanım parlamentarinin sözlərinə görə, qanunun effektivliyi onun real icrası, cəmiyyətin maarifləndirilməsi və uşaqların öz hüquqları haqqında məlumatlı olmasından asılıdır:

"Xüsusilə süni intellekt dövründə məsuliyyət daha da artır. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının 2025–2028-ci illəri əhatə edən Süni İntellekt Strategiyasında da texnoloji inkişafın sürətləndirilməsi, rəqəmsal iqtisadiyyata keçid və ixtisaslı kadr hazırlığı əsas prioritetlər kimi müəyyən olunub.

Bu gün dünya dəyişib və bu dəyişikliklər uşaq hüquqlarına da yeni yanaşmalar tələb edir. 

Süni intellekt, rəqəmsal texnologiyalar və sosial şəbəkələr artıq uşaqların gündəlik həyatının ayrılmaz hissəsidir. Bu imkanlar onların inkişafı üçün geniş perspektivlər açsa da, eyni zamanda müəyyən risklər də yaradır. Ona görə də uşaqlarımızı həm qorumaq, həm də inkişaf etdirmək üçün balanslı yanaşma vacibdir".

Nigar Məmmədova bu kontekstdə, bir neçə vacib təklif də qeyd edib:

"İlk növbədə, rəqəmsal savadlılıq hüququnun təmin olunması vacibdir. Hər bir uşaq məktəbdə texnologiyalardan və süni intellektdən təhlükəsiz və məsuliyyətli istifadə etməyi öyrənməlidir.

Digər mühüm məsələ rəqəmsal asılılıqdan qorunmadır. Burada əsas məsuliyyət ailələrin üzərinə düşür. Yeri gəlmişkən, Qanunda ailənin rolu da ön plana çəkilir. Uşağın tərbiyəsi və inkişafına görə əsas məsuliyyəti ailə daşıyır, dövlət isə yalnız zəruri hallarda — uşağın hüquqları pozulduqda müdaxilə edir. Bu isə ailə müstəqilliyi ilə uşağın müdafiəsi arasında balans yaradır.

Rəqəmsal mühitin yaratdığı risklər fonunda hesab edirəm ki, uşaqlar üçün alternativ imkanlar — idman, yaradıcılıq və inkişaf mühiti daha da inkişaf etməlidir. 

Eyni zamanda rəqəmsal mühitdə etik standartlar qorunmalıdır".

Deputat bildirib ki, həmçinin məktəblərdə rəqəmsal balansı təşviq edən xüsusi proqramlara da ehtiyac var:

"Rəqəmsal yanaşmalar uşaqlara texnologiyadan düzgün faydalanmağı və vaxtında fasilə verməyi öyrədir. Bu cür proqramların tətbiqi müsbət nəticələr verə bilər.

Burada inklüzivliyin təmin olunması da xüsusi əhəmiyyət kəsb edir. Süni intellekt hər bir uşağın fərdi qabiliyyətini nəzərə alan təhsil trayektoriyaları təqdim etməli, xüsusi qayğıya ehtiyacı olan uşaqlar da rəqəmsal imkanlardan kənarda qalmamalıdır".

Nigar Məmmədova deputat süni intellekt

Xəbər lenti