Avropa ciddi geosiyasi və iqtisadi çağırışlarla üzləşir.
"Report" xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron "Le Monde" və Avropa KİV-inə müsahibəsində bildirib.
"Bu gün Avropa xaosa bürünmüş dünyada böyük çağırışla üzləşir. Həmişə Avropanın təhlükəsizliyini təmin edəcəyi düşünülən ABŞ indi bunu şübhə altına qoyur, Rusiya isə artıq əvvəlki kimi bizə ucuz enerji resursları tədarük etmir. Eyni zamanda, Çin Avropanın mühüm ixrac bazarından getdikcə daha sərt rəqibə çevrilir", - o deyib.
Makronun sözlərinə görə, Çinin dünyanın qalan hissəsi ilə ticarət profisiti 1 trilyon dollara çatıb, bunun üçdə biri ABŞ-nin, üçdə biri isə Avropanın payına düşür. Eyni zamanda Vaşinqton Avropa mallarına gömrük rüsumları tətbiq edib. "Əslində biz ikili böhran yaşayırıq: Çin tərəfindən ticarət təzyiqi və ABŞ tərəfindən yüksək qeyri-sabitlik", - Fransa lideri qeyd edib.
Fransa lideri əlavə edib ki, Avropanı təhlükəsizlik və müdafiə, yaşıl keçid texnologiyaları, süni intellekt və kvant texnologiyalarının inkişafı sahələrində üç əsas "döyüş" gözləyir.
"Biz bütün bu sahələrdə Çin və ABŞ-dən xeyli az investisiya qoyuruq. Əgər Aİ yaxın 3-5 il ərzində tədbirlər görməsə, bu sektorlarda mövqelərini itirmək riski ilə üzləşəcək. Daxili bazarın bütövlüyünü qorumaq və parçalanmasını dərinləşdirməmək üçün investisiyalar ayrı-ayrı ölkələrin öhdəsinə buraxılmamalıdır - bu, birgə, ümumavropa investisiyaları olmalıdır", - Fransa Prezidenti bəyan edib.