IMG-LOGO

Ceyhun Məmmədov: "Ağıllı telefon"ların uşaqların tərbiyəsinə mənfi təsiri artır

10 Feb 2026 12:34 3 baxış
IMG

"Ağıllı telefon"lar, sosial media, internet oyunlarının uşaq və yeniyetmələrin tərbiyəsinə mənfi təsirləri gündən-günə artır.

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin bugünkü plenar iclasında "Təhsil haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı deyib.

O bildirib ki, uşaq və yeniyetmələrin bu zərərli təsirlərdən qorunması məqsədilə tənzimləyici mexanizmlərə ehtiyac var:

"Xüsusilə, bir sıra internet oyunları var ki, onlardan ölkədə sərbəst istifadənin qarşısının alınması barədə düşünməliyik. Təəssüf ki, bu gün istənilən yeniyetmənin bu oyunlara sərbəst çıxmaq imkanı var. Bu imkanların məhdudlaşdırılmasına ciddi ehtiyac var. Onu da qeyd edim ki, artıq dünyanın bir sıra ölkələrində 16 yaşa qədər uşaqlara internetdən sərbəst istifadəyə məhdudiyyətlərin tətbiqi barədə müzakirələr aparılır, qərarlar qəbul edilir. Bir sıra Avropa ölkələri, o cümlədən İtaliya və İspaniyada artıq bu istiqamətdə qərar və qanunların qəbul olunmasına başlanılıb".

Deputat hesab edir ki, Azərbaycanda da bu istiqamətdə işlərə başlanılmasına ehtiyac duyulur.

"Əks halda, xoşagəlməz, arzuolunmaz hadisələrin sayı daha da arta bilər. Şübhəsiz ki, bu məsələdə həm məktəblər, həm də ailələrin üzərinə böyük məsuliyyət düşür. Ailələrimiz övladlarına daha çox vaxt ayırmalı, tərbiyə işinə diqqət yetirməli, onlarla daha çox ünsiyyətdə olmalıdır", - C.Məmmədov vurğulayıb.

Xəbər lenti