Avropa İttifaqının İqlim və Enerji üzrə Merlər Razılaşması çərçivəsində Mingəçevir şəhəri ilə Anlaşma Memorandumu imzalanacaq.
"Report" xəbər verir ki, bunu Merlər Razılaşmasının Azərbaycandakı imzalayanlar üçün texniki yardım layihəsinin komanda rəhbəri Vitold Sartorius Energetika Nazirliyi və Avropa İttifaqının birgə təşkilatçılığı ilə keçirilən Merlər Razılaşması Təşəbbüsü üzrə tədbirdə bildirib.
Onun sözlərinə görə, bu layihənin əsas ideyası üfüqi kommunikasiya xətləri yaratmaqdır: "Əgər biz "yuxarıdan aşağı", "aşağıdan yuxarı" və "üfüqi" əlaqələrdən danışırıqsa, üfüqi olanı ən çətinidir, çünki şəhərlər və yerli səviyyədəki maraqlı tərəflər arasında ünsiyyət bəzən çox çətin olur və inkişaf etməyib".
V. Sartorius qeyd edib ki, Merlərin Razılaşmasının ikinci çox mühüm elementi şəhərlər arasında təcrübə mübadiləsidir: "Buna görə də Azərbaycanda Merlər Razılaşmasının milli şəbəkəsinin yaradılmasına çalışırıq. Bu gün biz mühüm bir addım atırıq. Biz bir neçə il idi ki, bu şəbəkənin modeli haqqında düşünürdük, Energetika Nazirliyindən olan həmkarlarımızla, Avropa İttifaqı ilə və şəhərlər arasında bunu müzakirə edirdik. Bu gün biz üç layihə tərəfdaşımız arasında Anlaşma Memorandumunu imzalamağa hazırıq. Sənədi bu tərəfdaşlarla imzalayacağıq: bizim qalibimiz - Merlər Razılaşmasını imzalayan və SECAP (Dayanıqlı Enerji və İqlim Fəaliyyət Planı) hazırlayan ilk şəhər olan Mingəçevir, ikinci tərəfdaşımız Mingəçevirdən olan "EKOT" adlı milli qeyri-hökumət təşkilatı, üçüncü tərəfdaşımız isə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasıdır".
Komanda rəhbəri hesab edir ki, bu memorandumu imzalamaqla Azərbaycan milli şəbəkə üçün Koordinasiya Şurası yaradır ki, bu da sözügedən şəbəkənin qurulmasında ilk addımdır.
"Bu şəbəkənin məqsədi şəhərlərə öz təcrübələrini bölüşməyə, yerli səviyyədə iqlim və enerji maraqlarını müdafiə etmək üçün səylərini birləşdirməyə və həmçinin birlikdə maliyyə mənbələri axtarmağa kömək etməkdir. Beləliklə, ilk addım atılıb və ümid edirəm ki, bir neçə ildən sonra Azərbaycanda Merlərin Razılaşmasının çox güclü milli şəbəkəsini görəcəyik", - V. Sartorius bildirib.