Enerji səmərəliliyi iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması mühüm əhəmiyyət daşıyır.
"Report" xəbər verir ki, bunu Energetika Nazirliyinin Enerji səmərəliliyi şöbəsinin müdiri Cahid Mikayılov təmsil etdiyi qurumun və Avropa İttifaqının birgə təşkilatçılığı ilə Bakıda keçirilən Merlər Razılaşması Təşəbbüsü üzrə tədbirdə bildirib.
Onun sözlərinə görə, enerji səmərəliliyi sadəcə texniki məsələ deyil: "Səmərəlilik iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması və iqlim öhdəliklərinin yerinə yetirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Biz tez-tez deyirik ki, enerji səmərəliliyi ən ucuz bərpa olunan enerji mənbəyidir. Ən təmiz, ən yaşıl enerji qənaət edilən enerjidir".
Nazirlik rəsmisi xatırladıb ki, 2021-ci ildə Azərbaycanda enerji effektivliyi sahəsində qanun qəbul olunub: "Qanunun qəbulundan sonra onun tətbiqi məqsədilə 13 alt qanunvericilik aktı təsdiq edilib. Bu normativ baza artıq real nəticələr verməyə başlayıb. 1000 ton neft ekvivalentindən artıq enerji istehlak edən təsərrüfat subyektləri, 250 ton neft ekvivalentindən artıq enerji istehlak edən binalar enerji idarəçisi təyin etməli və məcburi enerji auditindən keçməlidirlər. Nazirliyin iştirakı ilə artıq 50-dən çox subyektdə attestasiya prosesləri həyata keçirilib, bir qismində enerji idarəçiləri təyin edilib".