IMG-LOGO

Morteza Validarvi: "Azerbaijan International Challenge 2026" gənclər üçün böyük təcrübə oldu"

10 Feb 2026 11:28 3 baxış
IMG

Bakıda keçirilən "Azerbaijan International Challenge 2026" turniri gənc badmintonçular üçün böyük təcrübə olub.

Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin baş məşqçisi Morteza Validarvi bildirib.

İranlı mütəxəssis turnirin səviyyəsini yüksək qiymətləndirib:

"Altı gün davam edən yarışda 44 ölkədən 347 idmançı mübarizə apardı. Turnirə son Yay Olimpiya Oyunlarının iştirakçıları olan güclü badmintonçular qatılmışdılar. Bu, hər il Bakıda keçirilən beynəlxalq turnirin səviyyəsinin daha da yüksəldiyini və Azərbaycanın dünya və Avropa badminton təqvimlərində özünü sübut etdiyini göstərir. Hindistan, Kanada, ABŞ və BƏƏ kimi uzaq ölkələrdən gələn idmançılar, həmçinin xarici məşqçilər və dəvət etdiyimiz hakimlər də təşkilatçılıqdan çox razı qaldılar. Yarışın canlı yayımlanması Azərbaycanın bu cür tədbirləri yüksək intizam və təhlükəsizlik şəraitində keçirməyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi".

Baş məşqçi turnirin yerli gənclər üçün əhəmiyyətini xüsusi vurğulayıb, Azərbaycan idmançılarının çıxışını qiymətləndirib:

"Bu yarışda 15 gənc idmançımıza şans verdik. Onların arasında hətta 13 yaşlı badmintonçu da var idi. Gənclərin Bakıda olimpiyaçılarla, dünya səviyyəli ulduzlarla eyni meydançaya çıxması, onlara qarşı oynaması əvəzolunmaz təcrübədir. Turnir gənc badmintonçularımız üçün həm də böyük fürsət oldu. Onları xaricə göndərəndə, orada təlim-məşq toplanışı təşkil edəndə, həm idmançılar, həm də büdcə baxımından müəyyən çətinliklər olur. Məsələn, 13 yaşlı uşağı xaricə göndərməyə ailəsi icazə verməz. Amma Azərbaycanda təşkil olunan yarışda onları xarici idmançılarla mübarizə aparan zaman izləyə və potensiallarına yaxından bələd ola bilirik. Təəssüf ki, liderlərimiz Edi Reski Dviçayo zədə səbəbindən yarışdan çəkildi, Keyşa Fatimə Zəhra isə ilk matçda dizindən zədə alaraq mübarizəni dayandırdı. Halbuki ötən il keçirilən turnirdə yaxşı nəticə göstərmişdi. Leyla Camalzadə və Həcər Nuriyeva qızların qoşa yarışında yaxşı oyun nümayiş etdirdilər".

M.Validravi hədəflərdən də söz açıb:

"Məqsəd yerli idmançılarla Avropada nəticə qazanmaqdır. 2028-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıq prosesi bu ilin martından start götürür. İki il ərzində uşaqları bu yarışa yüksək səviyyədə hazırlamağa, nəticə əldə etməyə çalışacağıq. İnanıram ki, bu cür turnirlər Azərbaycanda daha çox keçiriləcək və uşaqların potensialını üzə çıxarmağa kömək edəcək".

Xəbər lenti