ABŞ Prezidenti Donald Trampın administrasiyası keçmiş amerikalı lider Barak Obama dövründə istixana qazlarının əhalinin sağlamlığına və rifahına zərəri barədə aparılmış elmi araşdırmanın nəticələrinə yenidən baxacaq.
"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, söhbət ABŞ-nin Ətraf Mühitin Mühafizəsi Agentliyinin 2009-cu ildə qəbul etdiyi və altı növ istixana qazının əhali üçün əsas təhlükə olduğunu iddia edən rəyindən gedir. Bu iddia agentliyin əksər iqlim qaydaları üçün hüquqi əsas olub. Həmin qaydalar "Təmiz hava haqqında" Qanuna uyğun olaraq elektrik stansiyalarından atılan tullantıların icazə verilən səviyyəsini məhdudlaşdırır və nəqliyyat vasitələri üçün yanacaq qənaəti standartlarını sərtləşdirirdi.
Qəzet yazıb ki, Tramp administrasiyası bu həftə nəqliyyat vasitələri üçün federal istixana qazı emissiyası standartlarının ölçülməsi, hesabatlılığı, sertifikatlaşdırılması və onlara riayət edilməsi ilə bağlı normativ tələblərin ləğv olunması barədə fərman dərc etməyi, həmçinin bütöv sahələr üçün müvafiq proqramlara, kredit müddəalarına və öhdəliklərə yenidən baxmağı planlaşdırır.
WSJ-nin mənbələrinin bildirdiyinə görə, yeni qaydalar elektrik stansiyaları, neft-qaz obyektləri və digər stasionar mənbələrdən atılan tullantıların tənzimlənməsinə toxunmayacaq. Bununla belə, qeyd olunur ki, gözlənilən dəyişikliklər gələcəkdə bu müəssisələrə də təsir edə bilər.
2015-ci ildə bağlanmış sazişin şərtlərinə görə, onun 190-dan çox iştirakçısı qarşıdakı onilliklərdə karbon qazı emissiyalarını könüllü şəkildə azaltmağı öhdələrinə götürmüşdülər. Məqsəd dünya iqtisadiyyatının sənayeöncəsi mərhələsi ilə müqayisədə orta illik temperatur artımını 1,5–2 Selsi dərəcə səviyyəsində saxlamaq idi.