IMG-LOGO

CAREC Azərbaycanın iştirakı ilə ticarət və investisiyaların sadələşdirilməsi üzrə danışıqlara başlayır

09 Feb 2026 21:58 4 baxış
IMG

Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı 2026-cı ilin əvvəlində Azərbaycan da daxil olmaqla, region ölkələrinin dövlət sərhədlərindən malların, xidmətlərin və kapitalın hərəkəti üçün hüquqi bazanın formalaşdırılmasına yönəlmiş Ticarət və İnvestisiya Prosedurlarının Sadələşdirilməsi Sahəsində Tərəfdaşlıq Sazişi (CARTIF) üzrə danışıqlara başlamağı planlaşdırır.

"Report" Asiya İnkişaf Bankının (ADB) saytındakı məqaləyə istinadən xəbər verir ki, CARTIF-in məqsədi transsərhəd ticarət və investisiyaların inkişafına töhfə verən inklüziv, şəffaf və çevik regional iqtisadi tərəfdaşlığın yaradılmasından ibarətdir.

2015-2024-cü illərdə CAREC ölkələrində regiondaxili mal ixracının həcmi iki dəfədən çox artıb, lakin regionun xarici ticarətinin ümumi həcmində regiondaxili ticarətin payı, demək olar ki, dəyişməyib və təxminən 6 % səviyyəsində qalıb.

Materialda qeyd olunub ki, CAREC ölkələrində transsərhəd investisiya axınlarının dinamikası vahid olmayıb. Nəzərdən keçirilən dövrdə birbaşa xarici investisiyaların xalis axını Monqolustan, Pakistan və Özbəkistanda artıb, regionun digər ölkələrinin əksəriyyətində isə azalıb.

CAREC-in Azərbaycan, Qazaxıstan və Özbəkistanda tranzit ticarətinin sadələşdirilməsi üzrə tədqiqatları, eləcə də ADB-nin CAREC dəhlizləri boyunca ticarət prosedurları və nəqliyyat xidmətləri icmalı tranzit ticarətini və beynəlxalq daşımaları çətinləşdirməkdə davam edən hüquqi, normativ, institusional və infrastruktur maneələrin qaldığını göstərir.

Müəlliflər vurğulayıblar ki, aşkar edilmiş məhdudiyyətlər xarici iqtisadi fəaliyyət iştirakçıları üçün xərcləri və qeyri-müəyyənlik səviyyəsini artırır, bu da CAREC ölkələrinin qalan maneələrin aradan qaldırılması üzrə səylərini gücləndirməsi zərurətini təsdiqləyir. CAREC azad ticarət sazişinin müxtəlif konfiqurasiyalarının empirik qiymətləndirilməsi həmçinin göstərir ki, transsərhəd ticarətin və investisiyaların sadələşdirilməsi region ölkələrinə, xüsusən də dənizə çıxışı olmayan dövlətlərə əhəmiyyətli iqtisadi faydalar gətirə bilər.

CARTIF sazişi sərhədlərdən malların, xidmətlərin və kapitalın hərəkəti ilə bağlı geniş siyasət istiqamətlərini əhatə edir, sanitar və fitosanitar tədbirlər, ticarətdə texniki maneələr sahələrində dərinləşdirilmiş əməkdaşlığı nəzərdə tutan "ÜTT-plus" elementlərini, həmçinin investisiya prosedurlarının sadələşdirilməsi, rəqəmsal ticarət və təchizat zəncirlərinin əlaqəliliyi məsələlərinə toxunan "ÜTT-ekstra" elementlərini ehtiva edir.

CARTIF-in əsas xüsusiyyəti onun çevik modul strukturudur. Məcburi çərçivə sazişi və ilkin protokollar saziş qüvvəyə mindikdən sonra bütün iştirakçı ölkələrə tətbiq ediləcək, əlavə protokollar isə sonrakı mərhələlərdə razılaşdırıla bilər.

CARTIF üçün nazirlər şurası, yüksək vəzifəli şəxslər şurası, ticarət və investisiyalar üzrə regional komitə, eləcə də katibliyi əhatə edən institusional mexanizmin yaradılması planlaşdırılır. Həmçinin saziş, ilk növbədə, məsləhətləşmələrə və qarşılıqlı razılığın əldə olunmasına yönəlmiş şəffaf və qaydalara əsaslanan mübahisələrin həlli mexanizmini əhatə edəcək.

Xatırladaq ki, 2025-ci il noyabrın 20-də CAREC Proqramının 24-cü Nazirlər Konfransı CARTIF üzrə danışıqlar prosesinə rəsmi olaraq start verən Bişkek Bəyannaməsini qəbul edib.

Xəbər lenti