Bakının Hövsan, Hərbi Dənizçilik və Kənd Əhmədli ərazilərini içməli su ilə təmin edən istismar müddəti bitmiş xətlər dəyişdirilib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Bildirilib ki, mərkəzi su anbarından çıxan diametri 500, 300, 150 millimetrlik polad materiallı yeni inşa olunmuş magistral xətlərin mövcud su təchizatı şəbəkəsinə qoşulması istiqamətində işlər görülür.
Xidmətin Su təchizatı sistemlərinin istismarı şöbəsinin müdiri Şahin İmaməliyev bildirib ki, Bakı Sukanal İdarəsinin müvafiq struktur və bölmələri tərəfindən "41 Şərq" mərkəzi su anbarı və nasos stansiyasında Xətai rayonunun bir hissəsini içməli su ilə təmin edən istismar müddətini bitirmiş daşıyıcı və şəbəkə xətlərində yenidənqurma işləri aparılır: "Yenidənqurma işləri abonentlərin xüsusən yay mövsümündə xətlərin tələbata uyğun ötürücülüyünə nail olunması, sakinlərin dayanıqlı keyfiyyətli və fasiləsiz içməli su ilə təminatına xidmət edəcək".
Şöbə müdiri əlavə edib ki, işlər 500, 300, 150 millimetrlik daşıyıcı xətlər üzərində aparılır: "Bildiyiniz kimi bu xətlər uzun müddət istismarda olduğundan xətt üzərində tez-tez qəzalar baş verir, nəticədə içməli su təminatında müvəqqəti də olsa fasilələr yaranır. Bu halların təkrar baş verməməsi üçün qeyd olunan xətlər yenisi ilə əvəzlənir".
Qeyd olunub ki, işlər tam yekunlaşdıqdan sonra Məhəmməd Hadi küçəsi, Gəncə prospekti, Zığ şosesi, Ukrayna dairəsi ətrafında yaşayan 7600 ailə dayanıqlı, fasiləsiz, keyfiyyətli su ilə təmin ediləcək.



