Azərbaycan Milli Xalça Muzeyində tanınmış macar qobelen ustası Juja Perelinin "Həqiqət çərçivəsindən kənar" adlı fərdi sərgisi açılacaq.
Bu barədə "Report"a muzeydən məlumat verilib.
Açılışı fevralın 11-də baş tutacaq sərgidə tekstil sənətinin aparıcı nümayəndələrindən sayılan Juja Perelinin dünyagörüşünü, yaradıcı potensialını və yüksək peşəkarlığını əks etdirən 29 əsəri nümayiş olunacaq.
Müəllifin ipək, yun və pambıq materialların sintezindən ərsəyə gətirdiyi qobelenlərdə insan və təbiət münasibətləri, kainat, zaman, yaddaş, əbədiyyət və s. mövzular mifoloji obrazlar və abstrakt motivlərlə üzvi şəkildə birləşdirilərək təqdim edilir.
Onun dərin fəlsəfi məzmunu, mükəmməl kompozisiyası, zəngin kolorit həlli ilə seçilən əsərlərində həm klassik Avropa qobelen ənənələri qorunur, həm də yeni materiallar, texnikalar və fərqli yaradıcı yanaşmalarla bu sənətin sərhədləri genişləndirilir.
Juja Perelinin qobelenləri maddi və qeyri-maddi aləm arasında vasitəçi rolunu oynayaraq, sözlə çətin ifadə olunan duyğuları və mənəvi reallıqları simvollar vasitəsilə tamaşaçıya çatdırır. Bu xüsusiyyətlər müasir qobelen sənətində özünəməxsus yeri olan rəssamın əsərlərinə individuallıq və ölməzlik qazandırır.
2001-ci ildə Juja Pereli qobelen sənətinin mərkəzi sayılan Fransanın Obüsson şəhərində fərdi sərgi keçirən ilk xarici sənətkar olub. Onun əsərləri müxtəlif ölkələrin muzey və şəxsi kolleksiyalarında saxlanılır.
Sərgi fevralın 28-dək davam edəcək.