Tailandda Baş nazir vəzifəsini icra edən Anutin Çarnvirakulun rəhbərlik etdiyi mühafizəkar "Bhumcaytay" Partiyası ölkədə keçirilən parlament seçkilərində qalib gəlib, rəqibi Xalq Partiyası isə məğlubiyyətini etiraf edib.
"Report" xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
İlkin nəticələrə görə, "Bhumcaytay"ın 500 yerlik aşağı palatada təxminən 200 yer, mütərəqqi Xalq Partiyasının isə təxminən 100 yer qazanacağı gözlənilir. Liberal "Tailand Naminə" partiyası təxminən 70 yerlə üçüncü yeri tutub.
Mühafizəkarların təkbaşına hökuməti qurmaq üçün tələb olunan 251 yeri qazanması real görünmədiyi üçün koalisiya qaçılmazdır.
8 fevralda Tailand parlament seçkiləri ilə eyni vaxtda Konstitusiyaya dəyişiklik etmək üçün səsvermə keçirilib. Əvvəlki versiya çevriliş yolu ilə hakimiyyətə gələn hərbçilər tərəfindən hazırlanmışdı. İlkin məlumatlara görə, seçicilərin təxminən 60%-i konstitusiya dəyişikliyini dəstəkləyib.
Qeyd edək ki, fevralın 8-də Tailandda parlamentin Nümayəndələr Palatasına seçkilərlə əlaqədar səsvermə keçirilib. Baş nazir Anutin Çarnvirakulun mühafizəkar "Bhumcaytay" partiyası müxalif Xalq və "Pheu Tailand" partiyalarına qarşı mübarizə aparıb. Parlament seçkisi ilə yanaşı, yeni konstitusiyasının hazırlanmasına ölkə vətəndaşlarının rəyini öyrənmək üçün referendum da keçirilib.