ABŞ Prezidenti Donald Tramp Ukrayna üzrə danışıqlara ordu naziri Den Driskollu, Omandakı İranla danışıqlara isə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuperi cəlb etmək qərarına gələrək ənənəvi diplomatik metodlardan kənarlaşıb.
"Report"un məlumatına görə, bu barədə "Associated Press" (AP) agentliyi yazıb.
Agentlik xatırladıb ki, hər iki danışıqlar xətti Amerika liderinin kürəkəni Cared Kuşner və prezidentin xüsusi elçisi Stiv Uitkoffun məsuliyyət zonasındadır.
Hərbi rəhbərlərin diplomatik prosesə cəlb edilməsi qərarı onların təcrübəsi, bilikləri və ya lazımi əlaqələrə malik olmaları ilə diktə edilə bilər. Həmçinin bu, danışıqlar iştirakçılarına ABŞ-nin zərurət yaranacağı təqdirdə, daha sərt üsullara əl atmağa hazır olduğunu çatdırmaq üçün bir yol ola bilər. Bundan əlavə, AP-nin fikrincə, bu addım Tramp administrasiyasının xarici siyasət və diplomatiyanın ənənəvi aparılma üsullarından uzaqlaşdığını göstərir.
Məlumata görə, Əbu-Dabidəki üçtərəfli danışıqlarda Driskolla Ukrayna nümayəndə heyəti ilə Tramp administrasiyasının təmsilçiləri - Uitkoff və Kuşner arasında vasitəçi rolu ayrılıb. Ondan başqa, BƏƏ-nin paytaxtına ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının rəhbəri Aleksus Qinkeviç də göndərilib. Qeyd olunub ki, onun iştirakı ABŞ və Rusiya arasında hərbçilər səviyyəsində yüksək səviyyəli dialoqun bərpasına dair razılığın əldə olunmasına kömək edib.