IMG-LOGO

Turizm sektoru Ramazan–Novruz kəsişməsi fonunda necə işləyir? - ARAŞDIRMA

07 Feb 2026 15:48 4 baxış
IMG

Azərbaycanda bu il Ramazan və Novruz bayramları eyni gündə - 20-21 martda qeyd olunacaq.

Bu isə Azərbaycanda daxili turizm və ictimai iaşə sektorunda istehlakçı davranışları və xidmət modelləri baxımından yeni vəziyyət yaradır. Nadir hallarda rast gəlinən bu təqvim kəsişməsi bazarda tələbatın strukturunu dəyişir, xidmət sektorunu dini, mədəni və sosial faktorları paralel şəkildə nəzərə alan daha çevik yanaşmalara yönəldir. 11 günlük istirahət dövrü regionlara səfərləri artırır, hotellər və ictimai iaşə obyektləri üçün yüksək doluluq və intensiv əməliyyat rejimi yaradır. Eyni zamanda Ramazan ayının xüsusiyyətləri gündüz və axşam saatları üzrə xidmət balansının yenidən qurulmasını zəruri edir ki, bu da turizm bazarında yeni biznes modellərinin tətbiqini aktuallaşdırır.

"Report" iki fərqli bayramın eyni dövrə təsadüf etməsinin turizm və iaşə sektoruna təsirlərini, bazarda yaranan yeni tendensiyaları araşdırıb.

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi hesab edir ki, Ramazan və Novruz bayramlarının üst-üstə düşməsi 2026-cı ildə daxili turizm üçün nadir imkan yaradır və bu, artıq real rəqəmlərlə özünü göstərməyə başlayıb: "Bu kəsişmə daxili turizm üçün güclü impuls yaradır. 20–30 mart tarixlərini əhatə edən 11 günlük fasilə həm regionlardakı istirahət mərkəzləri, həm də paytaxtda yerləşən hotellər və ictimai iaşə müəssisələri üçün yüksək tələbat dövrü olacaq".

Onun sözlərinə görə, hotellərdən daxil olan ilkin məlumatlar göstərir ki, regionlar üzrə mart ayı üçün rezervasiyalar artıq fevral ayından aktivləşib: "Bakıdakı beşulduzlu hotellərdə isə bayram günlərinə düşən tarixlər üzrə doluluq ötən ilin analoji dövrü ilə müqayisədə 7–10 % artım nümayiş etdirir".

S.Dübəndi qeyd edir ki, əvvəlki illərin statistikası da bu gözləntiləri təsdiqləyir: "2024 və 2025-ci illərin statistikası göstərir ki, Novruz bayramı dövründə hotellərdə doluluq səviyyəsi 90–100 % arasında dəyişib. Xüsusilə Qəbələ, Qusar, Quba, Şamaxı və Lənkəran ailəvi istirahət və qısa müddətli tur paketləri baxımından ön plana çıxıb. 2026-cı ildə Ramazan faktorunun da əlavə olunması bu regionlarda xidmətlərin vaxt bölgüsünü və məzmununu dəyişir".

Ekspert deyib ki, Ramazan ayında gündüz saatlarında istehlakın azalmasına baxmayaraq, sektor bu boşluğu planlı şəkildə doldurmağa çalışır: "Ramazan ayının həmin dövrə təsadüf etməsi gündüz xidmətlərində qismən durğunluq yaratsa da, restoran və hotel müəssisələri bu boşluğu iftar və sahur proqramları, axşam saatlarına yönəlmiş mədəni tədbirlər və ailəvi formatlı xidmətlərlə kompensasiya etməyə nail olurlar. Bu yanaşma 2026-cı il üçün də geniş şəkildə tətbiq olunur".

Onun sözlərinə görə, artıq bir çox restoranlar xüsusi iftar menyularını açıqlayıb, hotellər isə "iftar + gecələmə + səhər yeməyi" daxil olmaqla kombinə edilmiş paketlər təqdim edirlər: "Bu paketlər təkcə dini tələblərə cavab vermir, eyni zamanda ailəvi və dəyərə əsaslanan istehlak modelini təşviq edir".

Rezervasiya davranışı dəyişib

S. Dübəndi bu ilin mühüm fərqləndirici cəhətlərindən birinin müştərilərin qərarvermə davranışındakı dəyişiklik olduğunu vurğulayıb: "Assosiasiyanın apardığı monitorinqlərə əsasən, bu ilin əsas xüsusiyyətlərindən biri odur ki, müştərilər rezervasiya qərarlarını əvvəlki illərlə müqayisədə daha erkən verirlər. Bunun əsas səbəbləri bayramın uzunmüddətli və ardıcıl istirahət şəraitində baş tutması, həmçinin əvvəlcədən təqdim olunan çevik və münasib qiymətli xidmət paketləridir".

Ekspert əlavə edib ki, xidmət sektoru Ramazan ayının sosial və dini xüsusiyyətlərini nəzərə alaraq əməliyyatlarını yenidən qurur: "Müəssisələr müştərilərin dini dəyərlərinə və davranış modellərinə uyğunlaşaraq gündəlik xidmət saatlarını tənzimləyir, əməkdaş sayını axşam növbələrinə fokuslayır və ailəvi istirahətə yönəlmiş proqramlara üstünlük verir. Bu, həm xidmət keyfiyyətini qoruyur, həm də əməliyyat səmərəliliyini artırır".

Turizm eksperti Rəhman Quliyev isə Ramazan və Novruzun kəsişməsini daha geniş regional və beynəlxalq kontekstdə dəyərləndirir. Onun fikrincə, bu cür adaptasiya modelləri qlobal təcrübənin bir hissəsidir: "Ramazan ayı dövründə, xüsusilə Novruz tətili ilə üst-üstə düşdükdə regionlardakı hotellər, restoranlar və turizm obyektləri gündüz aktivliyinin azalması səbəbindən əməliyyatlarını daha çox gecə və axşam saatlarına yönəltmək üçün müxtəlif adaptasiya modelləri tətbiq edirlər. Bu meyllər yalnız Azərbaycana xas deyil, Orta Şərq və digər müsəlman ölkələrinin qonaqpərvərlik sektorunda geniş yayılıb".

Ekspert qeyd edir ki, Ramazan dövründə restoran və kafe fəaliyyətində müşahidə olunan gündüz zəifləməsi düzgün planlaşdırma ilə gəlir itkisinə çevrilmir: "Ramazan zamanı günorta saatlarından sonra bir çox restoran və kafenin fəaliyyəti zəifləyir, çünki həm müştərilər, həm də işçilər oruc tuturlar. Lakin bu dövrdə xüsusi iftar menyuları hazırlanır, orucun açılması üçün zəngin və müxtəlif yeməklərlə dolu paketlər təqdim olunur. Hotellər və restoranlar bu menyuları paket formatında təklif etməklə gecə saatlarında əlavə tələbat yaradır".

Onun fikrincə, Ramazan və Novruzun eyni vaxtda keçirilməsi Azərbaycanda turizmin mövsümi strukturuna da təsir göstərə bilər: "Ramazan və Novruz bayramlarının üst-üstə düşməsi Azərbaycanda turizmin mövsümi və yeni biznes modellərinin formalaşmasına səbəb ola bilər. Bu, təkcə qısa müddətli pik dövr effekti deyil, eyni zamanda bazarın strukturunda iqtisadi davranışları dəyişdirə biləcək trendə çevrilə bilər".

Ekspertlərin ortaq qənaətinə görə, bu tip təqvim kəsişmələri turizm və iaşə sektorunda yeni məhsul dizaynı, vaxt əsaslı xidmət modelləri və dəyərə yönəlik istehlak yanaşmalarının inkişafına təkan verir. Ramazan–Novruz sinerjisi həm yerli bazarın potensialını üzə çıxarır, həm də sektorun çeviklik və uyğunlaşma qabiliyyətini real şəraitdə sınaqdan keçirir.

2025-ci ildə turizm məqsədilə Azərbaycana səfər etmiş 1 milyon 804,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs ölkədə ümumilikdə 3 milyard 258 milyon 77 min manat xərcləyib. Turistlərin xərcləri 2024-cü illə müqayisədə 4,2 % azalıb.

Xərclərin strukturunda nəqliyyat xidmətləri ən böyük paya malikdir. Belə ki, turistlər ötən il nəqliyyat xidmətlərinə 1 milyard 496 milyon 433 min manat vəsait sərf ediblər ki, bu da illik müqayisədə 2,8 % azalma deməkdir.

Yerləşmə xidmətlərinə çəkilən xərclər 8,1 % azalaraq 646 milyon 745 min manat təşkil edib.

Turistlər qidalanmaya 611 milyon 64 min manat xərcləyiblər ki, bu da bir il əvvələ nisbətən 3,7 % azdır.

Bununla yanaşı, mədəniyyət sahəsində çəkilən xərclər 35,2 % artaraq 20 milyon 679 min manat təşkil edib.

Turizm zərfinin alınmasına isə 1 milyon 498 min manat xərclənib. İl ərzində bu göstərici 2,3 % artıb.

O cümlədən, nəqliyyat vasitələrinin icarəsinə 4 milyon 37 min manat (−9,4 %), idman və əyləncə xidmətlərinə 25 milyon 715 min manat (+53,3 %), malların və hədiyyələrin alınmasına 336,06 milyon manat (−7 %), digər istiqamətlərə isə 115 milyon 843 min manat (−7 %) xərclənib.

Xəbər lenti