Azərbaycan karateçiləri Almaniyanın Frankfurt şəhərində təşkil olunan Avropa çempionatında yaxşı nəticə göstəriblər.
Bunu "Report"a açıqlamasında karate millisinin baş məşqçisi Şahin Atamov deyib.
O, gözləntilərin daha yüksək olmasına baxmayaraq, ümumi nəticəni müsbət qiymətləndirib:
"Əlbəttə ki, ümidlərimiz daha böyük idi. Buna baxmayaraq, komanda olaraq ümumilikdə yaxşı nəticə göstərdik. 50 ölkə arasında altıncı olduq, komandamız həm qızıl, həm də bürünc medallar qazandı. Bu nəticəni onunla bağlayıram ki, heyətdə hələ 18-19 yaşlarında idmançılar var. Onlar artıq böyüklərin yarışında iştirak edirlər. Gələcəkdə daha yaxşı nəticələr göstərəcəklərinə inanırıq".
Mütəxəssis komandanın aparıcı üzvlərindən olan və yarışda bürünc medal qazanan İrina Zaretskanın çıxışına toxunub:
"İrinanın ciddi zədəsi var idi. Buna baxmayaraq, maksimum gücünü ortaya qoydu".
Ş.Atamov qarşıdakı hədəflərdən də söz açıb:
"Növbəti hədəfimiz dünya çempionatıdır. Qızların kateqoriyasında Çinin Hançou şəhərində keçiriləcək Dünya Kubokuna lisenziya qazanılıb. Ona görə də əsas hazırlıq məhz ora yönələcək. Bundan başqa, qarşıda Mərakeşin paytaxtı Rabatda da yarış olacaq və idmançılarımız orada güclərini sınayacaqlar".
Qeyd edək ki, Azərbaycan karateçiləri Avropa çempionatını 9 medalla 6-cı pillədə başa vurublar. Mədinə Sadıqova 55 kq çəki dərəcəsində böyüklər arasında Azərbaycanın ilk qadın Avropa çempionu kimi tarixə düşüb. İrina Zaretska (68 kq) bürünc medal əldə edib. Həmçinin, parakarateçilər - Vidadi Xalıqov, Fərrux Qaybaliyev və Aysel Əhmədli də Avropa çempionatının bürünc medalçıları olublar.
Mənbə: report.az