Azərbaycanda binalarda enerji qənaətini hədəfləyən pilot layihənin həyata keçirilməsi üçün şərtlər müəyyən edilib.
"Report" xəbər verir ki, bu, Energetika Nazirliyinin Kollegiyasının təsdiqlədiyi "Enerji effektivliyi fondunun vəsaiti hesabına maliyyələşdirilən layihələrə dair Tələblər"də öz əksini tapıb.
Qərara əsasən, binada enerji effektivliyinin artırılması üzrə pilot layihənin həyata keçirilməsi üçün ərazidə son 5 ildə enerji effektivliyi tədbirləri həyata keçirilməməli və binanın azı 5 il istismar müddəti olmalıdır. Layihə nəticəsində son enerji istehlakında ən azı 20% qənaət (natural ifadədə, baza enerji istehlakı ilə müqayisədə) təmin edilməlidir.
Layihənin geri ödəmə müddəti maksimum 30 il, natural ifadədə 50%-dən yüksək enerji qənaətinə hədəflənmiş tədbirləri nəzərdə tutan layihələrdə 35 il müəyyənləşdirilib. Bu çərçivədə binanın ən azı 60 %-i faktiki istismarda olmalıdır (dövlət mülkiyyətində olan sosial, təhsil və səhiyyə müəssisələrinin qeyri-yaşayış binaları istisna olmaqla).