Niderlandın Məlumatların Mühafizəsi İdarəsinin (Autoriteit Persoonsgegevens, AP) və Ədliyyə Şurasının əməkdaşlarının fərdi məlumatları dövlət qurumları tərəfindən istifadə olunan proqram təminatındakı boşluq nəticəsində kənar şəxslərə əlçatan olub.
"Report" xəbər verir ki, bu barədə ANP agentliyi məlumat yayıb.
Məlumata görə, "Ivanti Endpoint Manager Mobile" proqram təminatındakı xəta nəticəsində kənar istifadəçilər qurum əməkdaşlarının adları, e-poçt ünvanları və telefon nömrələri də daxil olmaqla, şəxsi məlumatlarına icazəsiz giriş əldə ediblər. Məlumatları ələ keçirilən işçilərin dəqiq sayı araşdırılır. Agentliyin qiymətləndirməsinə görə, bu hadisə Niderland hakimiyyətinə mənfi təsir edir, çünki AP ölkədə fərdi məlumatların mühafizəsi haqqında qanunvericiliyə riayət olunmasına nəzarət edən tənzimləyici idarədir.
Hər iki qurumun əməkdaşları baş verən hadisə barədə məlumatlandırılıblar. Qeyd olunub ki, əvvəlcə Ədliyyə Şurası pozuntu barədə AP-yə məlumat verib, bundan sonra tənzimləyici idarə problemi qeydə alıb və fərdi məlumatların mühafizəsi üzrə müvəkkili, həmçinin Niderlandın Milli Kibertəhlükəsizlik Mərkəzini xəbərdar edib. Hökumət boşluğun eyni proqram təminatı ilə təchiz olunan digər dövlət qurumlarına da təsir edəcəyini istisna etməyib.