IMG-LOGO

Aqrar müəssisələrin baş planlarının layihələndirmə normaları təsdiqlənib

05 Feb 2026 09:25 2 baxış
IMG

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası "Kənd təsərrüfatı müəssisələrinin Baş planları. Layihələndirmə normaları"nı təsdiqləyib.

"Report" xəbər verir ki, bununla bağlı Kollegiyanın sədri Anar Quliyev yeni qərar imzalayıb.

Qərara əsasən, bu normalar ölkə ərazisində yeni, genişləndirilən və yenidən qurulan kənd təsərrüfatı, o cümlədən ayrı-ayrı torpaq sahələrində yerləşdirilən balıqçılıq təsərrüfatı müəssisələrinin, eləcə də aqrar-sənaye klasterlərinin baş planlarının layihələndirilməsinə şamil olunacaq.

Belə ki, aqrar-sənaye klasterlərinin və kənd təsərrüfatı müəssisələrinin baş planları tərtib olunarkən aşağıdakılar nəzərə alınmalıdır:

- yaşayış zonası ilə planlaşdırılma əlaqəsi;

- kənd təsərrüfatı və sənaye müəssisələrinin eyni torpaq sahəsində iqtisadi cəhətdən məqsədyönlü kooperativləşdirilməsi və texnoloji əlaqələri, sanitar-gigiyenik, baytarlıq-sanitariya və yanğın təhlükəsizliyi tələbləri, yük dövriyyəsi və nəqliyyat növləri, ümumi yardımçı və xidməti təyinatlı obyektlərin təşkili;

- kənd təsərrüfatı müəssisələrinin, bina və qurğularının, o cümlədən mühəndis-texniki təchizat şəbəkələrinin aralarında müvafiq minimal məsafələrə riayət olunmaqla yerləşdirilməsi;

- texnoloji və mühəndis-texniki tələblərin yerinə yetirilməsi və təbii-iqlim, geoloji və digər yerli şərait nəzərə alınaraq ətraf ərazilərin tikililəri ilə əlaqələndirilməklə vahid memarlıq ansamblının yaradılması;

- bitişik torpaqların eroziyadan, bataqlıqlaşmadan, şoranlaşmadan, çirklənmədən, qrunt sularının və açıq su hövzələrinin isə tullantı suları və istehsalat tullantıları ilə çirklənmədən mühafizə tədbirləri;

- kənd təsərrüfatı müəssisələrinin istehsalat zonasının genişləndirilməsi imkanları;

- tikinti-quraşdırma işlərinin sənaye üsulu ilə yerinə yetirilməsi;

- kənd təsərrüfatı müəssisələrinin buraxılış kompleksləri ilə və ya növbəli tikintisinin istismara verilməsinin mümkünlüyü;

-müvəqqəti istifadəyə verilmiş, tikinti zamanı pozulmuş torpaqların bərpası (rekultivasiyası), DÜİST 17.5.3.04-ün və DÜİST 17.5.3.05-in tələblərinə uyğun olaraq münbit torpaq qatının götürülməsi və məhsuldar olmayan torpaqlardan istifadə;

- planlaşdırma həllərinin texniki və iqtisadi səmərəliliyi;

- yerüstü və yeraltı məkanlar daxil olmaqla ərazilərdən intensiv istifadə;

- ərazilərin abadlaşdırılması.

Heyvandarlıq təsərrüfat və kompleksləri, qoyunçuluq və quşçuluq müəssisələri, xəz-dəri təsərrüfatları, baytarlıq və sənaye əsaslı süd, ət və yumurta istehsalı müəssisələri digər kənd təsərrüfatı müəssisələrinə (obyektlərinə) və yaşayış zonasına nəzərən külək tutmayan tərəfdə, biotermal çuxurlara nəzərən isə külək tutan tərəfdə yerləşdirilməlidir.

Komitənin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsinə və Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Xəbər lenti