IMG-LOGO

Nizami Tibb Mərkəzində Whipple əməliyyatının icrasına başlanılıb

05 Feb 2026 09:36 2 baxış
IMG

Nizami Tibb Mərkəzində ilk dəfə olaraq icra olunan Whipple əməliyyatı (pankreatoduodenal rezeksiya) uğurla başa çatıb.

Bu barədə "Report"a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 62 yaşlı pasiyent üzərində həyata keçirilən mürəkkəb cərrahi əməliyyat təxminən beş saat davam edib. Əməliyyat zamanı pasiyentin onikibarmaq bağırsağı, mədəaltı vəzin baş hissəsi, ümumi öd axarının distal hissəsi və öd kisəsi xaric edilib. Daha sonra həzm sisteminin davamlılığının təmin olunması məqsədilə mədəaltı vəzin qalan hissəsi ilə bağırsaq, ümumi öd yolu ilə bağırsaq, həmçinin mədə ilə bağırsaq arasında cərrahi anastomozlar yaradılıb.

Əməliyyat Nizami Tibb Mərkəzinin Cərrahiyyə şöbəsinin müdiri, ümumi cərrahlar Firdovsi Rüstəmov və Qüdrət Qəhrəmanov tərəfindən icra olunub.

Əməliyyatdan sonra iki həftə ərzində stasionar şəraitdə müalicə alıb. Vəziyyəti qənaətbəxş qiymətləndirildikdən sonra o, ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, ümumi cərrahiyyənin ən mürəkkəb əməliyyatlarından biri hesab olunan Whipple əməliyyatı əsasən mədəaltı vəzin baş hissəsindəki şişləri, onikibarmaq bağırsağı, öd kisəsini və bəzən mədənin bir hissəsini xaric etmək üçün icra olunan mürəkkəb cərrahi prosedurdur.

Sözügedən əməliyyat icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində həyata keçirilib.

Xəbər lenti