IMG-LOGO

"Kyodo": "Kaşivazaki-Kariva" AES gələn həftə yenidən fəaliyyətə başlayacaq

05 Feb 2026 08:56 4 baxış
IMG

Yaponiyanın Niiqata prefekturasında yerləşən dünyanın ən böyük atom elektrik stansiyası olan "Kaşivazaki-Kariva"nın altıncı enerji bloku gələn həftənin əvvəlində təkrarən fəaliyyətə başlayacaq.

"Report" xəbər verir ki, bu barədə "Kyodo" agentliyi mənbələrə istinadən məlumat yayıb.

AES 2012-ci ildən bəri fəaliyyət göstərmirdi – həmin vaxt "Fukusima-1" qəzasından sonra ölkədəki bütün kommersiya reaktorları dayandırılmışdı. 13 ildən çox vaxt keçdikdən sonra - yanvarın 21-də stansiyanın altıncı reaktoru yenidən işə salınsa da, elektronikadakı nasazlıq səbəbindən "Tokyo Electric Power" (TEPCO) operator şirkəti nəzarət çubuqlarının çıxarılması işlərini dayandırıb. Daha sonra enerji bloku tamamilə söndürülüb.

Stansiyanın yenidən işə salınması ilə bağlı problemlərə görə onun direktoru Takeyuki İnaqaki yanvarın 30-da bildirib ki, nasazlıqlar aşkar edildikdən sonra aparılan yoxlamalar səbəbindən altıncı reaktorun fevralın 26-na planlaşdırılan kommersiya istismarı təxirə salınır. Bununla belə, o, reaktorların "o qədər də uzaq olmayan bir gələcəkdə" yenidən işə düşəcəyinə ümid etdiyini bildirib.

Yaponiyanın Nüvə Tənzimləmə İdarəsi isə, öz növbəsində, vurğulayıb ki, "Kaşivazaki-Kariva"dakı nasazlıqlar stansiyanın özü üçün hər hansı təhlükə yaratmır. Radioaktiv materialların sızması, eləcə də stansiyada və ya onun ətrafında radiasiya səviyyəsinin dəyişməsi qeydə alınmayıb.

Xəbər lenti