Venesuela Prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriqes ölkə iqtisadiyyatını gücləndirmək üçün strateji idxalın əvəzlənməsi planını elan edib.
"Report"un məlumatına görə, Rodriqes bunu Kommunaların İqtisadiyyatı üzrə Birinci Milli Görüşdə açıqlayıb.
"Mən Venesuela xalqının ərzaq səbətinə daxil olan məhsulların strateji idxalının əvəzlənməsi planını elan edirəm", - deyə Rodriqes bildirib.
O qeyd edib ki, kommunalar idxalın əvəzlənməsi və ölkənin ərzaq müstəqilliyinin təmin edilməsi məqsədilə beş növ kənd təsərrüfatı məhsulunun kütləvi istehsalı üzrə öhdəlik götürüb.
O xatırladıb ki, 2025-ci ilin dekabrında Venesuela Prezidenti Nikolas Maduro ilə birlikdə "Layiqli Çağırış 2026" xüsusi planı hazırlanıb. Bu planın əsas müddəalarından biri qarğıdalı, düyü, qəhvə, soya və paxlalı bitkilərin idxalının daxili istehsalla əvəz edilməsidir.
"Poliedro de Caracas" idman kompleksində keçirilən görüşdə 10 mindən çox istehsalçı və Venesuela Nazirlər Kabinetinin nümayəndələri iştirak ediblər.