Konqresin Nümayəndələr Palatası ABŞ-də nadir torpaq elementləri və digər faydalı qazıntıların hasilat həcminin artırılması, eləcə də onların idxalının azaldılması üzrə bir sıra tədbirləri nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
"Report" xəbər verir ki, sənədi Amerika qanunverici orqanının aşağı palatasının 224 üzvü dəstəkləyib, 195 nəfər isə əleyhinə çıxıb.
Qanun layihəsinə əsasən, Vaşinqton administrasiyası konqresin hər iki palatasının müvafiq komitələrini ABŞ-nin digər ölkələrdən faydalı qazıntı tədarükündən asılılığı və bununla bağlı iqtisadi xərclər barədə məlumatlandırmalıdır.
Sənəd faydalı qazıntıların, o cümlədən nadir torpaq elementlərinin hasilatı sahəsində layihələrin həyata keçirilməsi üçün icazələrin verilməsinin sadələşdirilməsi üzrə tədbirləri nəzərdə tutur. Bundan əlavə, o, ABŞ-də geoloji kəşfiyyat işlərinin aparılmasının və yeni yataqların axtarışının sürətləndirilməsini nəzərdə tutur.
ABŞ Prezidenti Donald Tramp fevralın 2-də bildirib ki, Vaşinqton ən vacib faydalı qazıntıların strateji ehtiyatının yaradılmasına başlayır. O qeyd edib ki, buna Birləşmiş Ştatların İxrac-İdxal Bankının və özəl sektorun vəsaitlərindən azı 12 milyard dollar yönəldiləcək.