Almaniya Silahlı Qüvvələri (Bundesver) təhlükəsizlik mülahizələrinə görə Şimali İraqdakı alman kontingentinin sayını əhəmiyyətli dərəcədə azaldır.
"Report"un məlumatına görə, bu barədə "Der Spiegel" jurnalı yazıb.
Nəşr qeyd edib ki, Bundesverin operativ komandanlığı bu addımı İrandakı gərginliyin artması təhlükəsinə cavab olaraq atır. Missiyanın icrası üçün iştirakı kritik əhəmiyyət kəsb etməyən personal ehtiyat tədbiri olaraq İraqdan çıxarılıb. Lakin Bundesver nümayəndəsi cəlb olunan qüvvələrin sayı və ya geri çəkilmədən sonra qalan kontingentin miqdarı barədə şərh verməkdən imtina edib.
Bundestaq üçün nəzərdə tutulmuş bildirişdə bu təhlükəsizlik tədbiri ABŞ və İran arasında gərginliyin daha da artması ilə əsaslandırılır. "Der Spiegel" qeyd edib ki, hələ yanvarın sonunda İranla hərbi toqquşma təhlükəsinin artması səbəbindən Şimali İraq üçün təhlükə səviyyəsi qaldırılmışdı. Mövcud vəziyyət hesabatında qeyd olunub ki, ABŞ qoşunları ilə bazaların birgə istifadəsi səbəbindən Bundesver üçün "dolayı təhdid" mövcuddur.
Almaniya hökuməti bu missiyanı 2015-ci ildə, İŞİD terror qruplaşması Suriyanın böyük hissəsini və İraqın bəzi rayonlarını nəzarətə götürdükdə başlatmışdı. Bundesver qruplaşma ilə mübarizə üçün İraqın təhlükəsizlik qüvvələrinə, əsasən, rəhbər hərbi heyətə təlimlər keçirir.
Son vaxtlar Bundesverin İraq və İordaniyadakı missiya çərçivəsində kontingentinin sayı təxminən 300 hərbçi təşkil edirdi. Lakin onların böyük hissəsi İordaniyada yerləşir. Almaniya Hərbi Hava Qüvvələri orada uzun illərdir səhra düşərgəsindən istifadə edir və beynəlxalq antiterror koalisiyasına yanacaqdolduran təyyarələrlə dəstək verir.