"SpaceX" şirkəti 2026-cı ilə planlaşdırılan səhmlərin ilkin kütləvi yerləşdirilməsinə (İPO) hazırlıq məqsədilə xarici bankların nümayəndələri ilə görüşlər keçirib.
"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Xarici banklar listinqin hazırlanması üzrə sindikatda kiçik rollar almağa iddia ediblər, eyni zamanda, bankirlərdən müvafiq regionlarda öz mövqelərinin əhəmiyyətini sübut etmək tələb olunub. Agentlik bildirib ki, "xAI" startapını da öz tərkibinə qatmış birləşmiş şirkət ilin sonuna qədər birjada çıxış etməyi planlaşdırır.
Yerləşdirmə həcminin 50 milyard dollara çata biləcəyi gözlənilir ki, bu da onu tarixin ən böyük yerləşdirməsi edəcək.
"SpaceX" və "xAI" birləşmiş şirkətinin dəyəri 1,25 trilyon dollar təşkil edə bilər. Listinqin əsas təşkilatçıları kimi artıq "Wall Street"in ən böyük bankları seçilib: "Bank of America", "Goldman Sachs", "JPMorgan Chase" və "Morgan Stanley".