Avropa İttifaqı (Aİ) Ukraynaya 2025-ci ilin dekabrında Aİ sammitində irəli sürülmüş 90 milyard avroluq kredit şəklində maliyyələşdirmə mexanizmini razılaşdırıb.
"Report" xəbər verir ki, bu barədə Brüsseldəki mənbələrinə istinadən "Reuters" agentliyi məlumat yayıb.
"Aİ səfirləri çərşənbə günü Ukrayna üçün 90 milyard avro məbləğində avro kreditinin təfərrüatları barədə razılaşıblar", - məlumatda bildirilib.
Aİ Şurası bildirib ki, vəsaitin 2/3 hissəsi hərbi yardıma, qalan hissəsi isə ümumi büdcə dəstəyinə yönələcək. Sazişə əsasən, Kiyev krediti, ilk növbədə, Aİ daxilində, zərurət yaranarsa, digər ölkələrdən silah almaq üçün istifadə etməlidir.
Saziş, həmçinin Avropa Parlamentində təsdiqlənməlidir. Diplomatlar ümid edirlər ki, təsdiq yaxın vaxtlarda olacaq və bu da Avropa Komissiyasına bazarlardan vəsait toplamağa başlamağa, aprelin əvvəlində Ukraynaya ilk ödənişini həyata keçirməyə imkan verəcək.
İttifaqa üzv ölkələrin liderləri dekabrda Ukraynaya krediti dondurulmuş Rusiya aktivlərindən istifadə etmək əvəzinə, Aİ-nin topladığı vəsait hesabına maliyyələşdirmək barədə razılığa gəliblər.