Avropa depozitarı "Euroclear" dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərin 1,4 milyard avrosunu Ukraynaya dəstək fonduna köçürməyi planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə şirkətin hesabatında bildirilib.
Ümumilikdə 2025-ci il ərzində Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən 3,3 milyard avro gəlirin Ukrayna üçün Avropa fonduna yönəldilməsi planlaşdırılırdı. 1,6 milyard avro məbləğində ilk tranş 2025-ci ilin iyulunda köçürülüb. Təxminən 1,4 milyard avro təşkil edən ikinci ödənişin 2026-cı ilin əvvəlində edilməsi gözlənilir. 2025-ci il üzrə Rusiya aktivlərindən əldə olunan gəlirlərdən vergi ödənişləri 1,1 milyard avro təşkil edib.
2025-ci ilin yekunlarına görə, aktivlərin investisiyasından 5 milyard avro məbləğində faiz gəliri əldə edilib ki, bu da bir il əvvəlki göstəricidən 26 % azdır. Depozitari azalmanı faiz dərəcələrinin aşağı düşməsi ilə əlaqələndirib.
Depozitar sanksiyalar və Rusiyanın cavab tədbirləri ilə əlaqədar biznes gəlirlərindəki itkiləri 34 milyon avro məbləğində qiymətləndirib. Birbaşa xərclər isə 113 milyon avro təşkil edib. Həmçinin "ciddi risklər və qeyri-müəyyənliklər" səbəbindən 342 milyon avroluq ehtiyat yaradılıb. Nəticədə, "Euroclear"ın hesabatında əks olunan ümumi birbaşa xərclər 455 milyon avroya çatıb. 2025-ci ilin dekabr ayının sonuna depozitarinin balansı 222 milyard avro təşkil edib ki, bunun da 195 milyard avrosu sanksiya altında olan Rusiya aktivlərinin payına düşür.