IMG-LOGO

Üç illik fasilədən sonra Çexiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilə bilər

04 Feb 2026 17:35 2 baxış
IMG

Çexiya və Azərbaycan bu il İqtisadi, Elmi-Texniki və Mədəni Əməkdaşlıq üzrə Qarışıq Komissiyanın VI iclasının keçirilməsi imkanını öyrənir.

Bunu "Report"a müsahibəsində Çexiyanın Sənaye və Ticarət Nazirliyinin Avropa İttifaqı və Xarici Ticarət Bölməsinin baş direktoru, nazir müavini David Müller deyib.

O xatırladıb ki, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov 2025-ci ilin iyul ayında Praqaya səfər edib.

"Bu, çox önəmli görüş idi və M.Cabbarovun əməkdaşlığımızın ən vacib sahələrini müzakirə etmək üçün Çexiyaya səfər etməsindən məmnunam. Əsas müzakirə mövzularından biri, şübhəsiz ki, bir çox Çexiya şirkətinin geniş təcrübəyə malik olduğu karbohidrogen və bərpa olunan enerji sahəsində əməkdaşlıq idi. Biz, həmçinin Aİ-yə neft və qaz idxalının şaxələndirilməsində Azərbaycanın etibarlı tərəfdaş kimi qlobal enerji təhlükəsizliyində mühüm rolunu vurğuladıq", - D.Müller qeyd edib.

Onun sözlərinə görə, müzakirələrdə digər vacib istiqamət nəqliyyat sektoru olub.

"Ümid edirəm ki, biz bu müzakirələri davam etdirəcəyik və görüş zamanı yuxarıda qeyd olunan sahələr üzrə toxunulan bəzi layihələrin həyata keçirilməsində irəliləyiş əldə edəcəyik", - nazir müavini əlavə edib.

Baş direktor qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsinin ümumi dəyəri orta səviyyədə olsa da, onu əhəmiyyətsiz adlandırmaq olmaz: "2024-cü ildə Azərbaycan ticarətin həcminə görə 30-cu yerdə qərarlaşıb və Çexiyanın ümumi xarici ticarət dövriyyəsinin 0,5 %-i onun payına düşüb. Məqsədimiz bu göstəricini artırmaqdır və bunun üçün nazirliyimiz mütəmadi olaraq biznes missiyaları, seminarlar və digər tədbirlər təşkil edir. Bu il biz "ağıllı şəhərlər" sektorunda növbəti işgüzar missiya təşkil etməyi planlaşdırırıq. Bundan başqa, biz bu il İqtisadi, Elmi-Texniki və Mədəni Əməkdaşlıq üzrə Qarışıq Komissiyanın VI iclasının keçirilməsi imkanını araşdırırıq. Eyni zamanda, ticarət agentliyimiz olan "CzechTrade" regionda aktiv şəkildə fəaliyyət göstərir və Çexiyanın Azərbaycana ixrac potensialının artırılmasını təşviq etməyə davam edir", - D.Müller vurğulayıb.

Xatırladaq ki, komissiyanın 5-ci iclası 2023-cü il martın 3-də Praqada keçirilib.

Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış olmaq mümkündür.

Xəbər lenti