Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında veriliş hazırlanıb.
"Report" xəbər verir ki, verilişdə erməni klassik musiqisinin banilərindən biri, tanınmış bəstəkar, dirijor və pedaqoq Aleksandr Spendiarovun musiqisində İrəvan şəhərinin gerçək türk tarixinin səslənməsindən bəhs olunur.
Bildirilir ki, A.Spendiarov köhnə İrəvanda Azərbaycan səsini eşitmişdi: "Onun özü etiraf edib ki, mən İrəvanda müsəlman şəhəri gördüm. Səssiz fotolar, danışan musiqi ilə İrəvanın kimliyi üzə çıxır. İrəvanın Göy məscidi, ağ örpəkli türk qızları və mahnılar unudulan mənzərə deyil. İrəvanın ünvanlarında Azərbaycan məhəllələrinin izi var. Erməniləşdirilən İrəvanın susdurulan şəhər yaddaşı musiqidə yaşayır".
Qeyd olunur ki, erməni bəstəkarın "İrəvan etüdləri" Azərbaycan şəhərinin səsli portretidir: "İrəvan şəhərinin melodiyasında musiqi dili ilə Azərbaycan tarixi səslənir. Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa edir və İrəvanın gerçək kimliyi oxunur".
Verilişdə Azərbaycan melodiyalarının erməni operasında necə yer alması, ermənilərin ilk operası mifinin arxasındakı həqiqət, İrəvanın türk şəhəri olması Spendiarovun musiqisində necə səslənir və digər maraqlı məqamlara aydınlıq gətirilir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Qərbi Azərbaycan Xronikası: Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi
