ABŞ İrandakı eskalasiyaya baxmayaraq, Rusiya ilə qarşıdurma şəraitində Ukraynanı bundan sonra da dəstəkləmək niyyətindədir.
"Report" xəbər verir ki, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Con Retkliff senatın kəşfiyyat komitəsindəki dinləmələr zamanı bildirib.
"Əminəm ki, biz eyni vaxtda bir neçə işi həll edə bilərik: Yaxın Şərqdə öz məqsədlərimizi güdmək və eyni zamanda Ukraynadakı münaqişə ilə əlaqədar dəstək göstərməyə davam etmək", - Retkliff qeyd edib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.