ABŞ və İsrailin İrana qarşı əməliyyatı başlayandan bəri amerikalı hərbçilər 7,8 mindən çox hədəfi, o cümlədən 120-dən çox hərbi gəmini məhv edib.
"Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) bəyanatında qeyd olunub.
Məlumata görə, ABŞ hərbi təyyarələri İrana qarşı əməliyyat başlayandan bəri 8 mindən çox döyüş uçuşu həyata keçirib. CENTCOM bildirib ki, əməliyyatlara çoxsaylı qırıcılar, strateji bombardmançı təyyarələr, aviadaşıyıcılar, raket esminesləri, sualtı qayıqlar, "Patriot" zenit-raket kompleksləri və "THAAD" raket əleyhinə müdafiə sistemləri cəlb edilib.
"CENTCOM qüvvələri bilavasitə təhlükə yaradan yerlərə prioritet verərək İran rejiminin təhlükəsizlik aparatının sıradan çıxarılması məqsədilə hədəflərə zərbələr endirir", - komandanlıqdan vurğulanıb.
Daha əvvəl CENTCOM rəhbəri admiral Bred Kuper bildirib ki, Hörmüz boğazında 100-dən çox İran gəmisi batırılıb.