IMG-LOGO

Tramp: İsrailin İranın "Cənub Pars" yatağına hücumundan ABŞ-nin məlumatı olmayıb

19 Mar 2026 06:33 4 baxış
IMG

Birləşmiş Ştatlar İsrailin İranın "Cənub Pars" qaz yatağına hücumundan əvvəlcədən xəbərdar olmayıb.

"Report" xəbər verir ki, bu barədə Amerika lideri Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

"Yaxın Şərqdə baş verənlərlə əlaqədar qəzəblənən İsrail böyük bir obyektə - İrandakı "Cənub Pars" qaz yatağına güclü zərbə endirib. Bütün kompleksin nisbətən kiçik bir hissəsi vurulub. Birləşmiş Ştatlar bu konkret hücum barədə məlumatlı deyildi, Qətərin isə buna heç bir aidiyyəti yox idi və hazırlanan zərbə haqqında hər hansı bir məlumata malik deyildi", - o qeyd edib.

Tramp həmçinin bildirib ki, buna cavab olaraq İran Qətərin mayeləşdirilmiş təbii qaz (MTQ) istehsal edən obyektinə qeyri-mütənasib zərbə endirib.

"İsrail bu son dərəcə vacib "Cənub Pars" yatağına artıq zərbə endirməyəcək, bir şərtlə ki, İran buna qətiyyən aidiyyəti olmayan Qətərə hücum etmək qərarına gəlməsin. Əks təqdirdə, ABŞ İsrailin köməyi və razılığı ilə və ya bunlar olmadan bütün "Cənub Pars" yatağını tamamilə məhv edəcək", - Ağ Evin rəhbəri vurğulayıb.

Bununla belə, Tramp öz yanaşmasını İranın gələcəyi üçün uzunmüddətli mənfi nəticələrlə əsaslandıraraq bu səviyyədə dağıntıların olmasını istəmədiyini əlavə edib.

Çərşənbə günü İsrail tərəfindən endirilən zərbələr nəticəsində "Cənub Pars" qaz yatağının bir sıra obyektlərində yanğınlar baş verib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Xəbər lenti