Dilimizin zənginləşdirilməsi, funksionallığının artırılması, lazımi alınmalar, lüzumsuz alınmalar, dilin daxili resurslarının və qohum dillərin hesabına dilimizin qüdrətinin daha da artırılması yönündə radikal qərarlar qəbul etməyin zamanı gəlmişdir.
Respublikamızın Prezidenti Müzəffər Ali Baş Komandanımız Cənab İlham Əliyev AMEA-nın 80 illik yubileyindəki çıxışında və 5 yanvar 2026-cı ildə yerli telekanallara verdiyi müsahibəsində bu vəzifəni xalqımızın və xüsusən biz dilçilərin qarşısında qoymuşdur. Cənab İlham Əliyev hər şeydən öncə vətənpərvər Azərbaycan oğludur və bir azərbaycanlı kimi öz narahatlığını ifadə etmişdir.
Onun bu məsələyə münasibəti və belə bir qərar qəbul etməsi heç də təsadüfi deyil. Cənab Prezident bundan qabaq da dəfələrlə dilimizlə bağlı sərəncamlar imzalamış, qərarlar qəbul etmişdir. Əlbəttə ki, Azərbaycan dili inkişaf etmiş dillərdən biridir: bu dil Azərbaycan Respublikasının dövlət dili və onun atributlarından biridir. Bu dildə əlli milyondan çox insan danışmaqdadır. Azərbaycan türkcəsi ilə bağlı bəzən radikal görünə bilən islahatlar aparılmalı, dilimizin qorunması gələcək nəsillərə daha təmiz və inkişaf etmiş şəkildə çatdırılması istiqamətində işlər görülməlidir. Fikrimizcə, bu işlərin ümumi istiqaməti yuxarıda qeyd olunduğu kimi aparılmalıdır:
Dilimizdə olan ancaq ehtiyac duyulmayan və qarşılığı daha uğurlu olan yad sözlərin işlənməsi məhdudlaşdırılmalıdır. Dilimizdən varvarizmlərin, rusizmlərin təmizlənməsi ilə bağlı qərarlar qəbul edilməlidir. Dilimizin daxili imkanları (dialekt və şivələr, tarixi-ədəbi materiallar) hesabına yeni sözlərin dilimizə daxil edilməsi prosesi sürətləndirilməlidir. Qohum dillərin tərkibindən Azərbaycan türkcəsinə uyğun olan sözlərin seçilərək dilimizə gətirilməsi həyata keçirilməlidir. Dünya dillərindən vacib sözlərin alınması zamanı diqqətli davranılmalı, yalnız ad gələn yeni nəsnə ilə birlikdə qəbul edilməlidir.Bəli, dilimizdə bir çox sözlərin bu gün işlənilməsi dilimiz üçün ağırlıq, müəyyən çətinliklər yaratmaqdadır. Bunlar dilimizin ahəng qanununa bəzən uyğun olmur və strukturu ilə uyuşmur. Məsələn: müvəffəqiyyət, radələrində, sərnişin, narahatlıq, müfəttiş, müttəhim, prokuror, müstəntiq, xadimə, dövr, sənəd, vəsait, sərmayə, bəhanə və s. Bəyəm müvəffəqiyyət sözünü “uğur” və “bacarıq”, radələrində sözünü “zamanında”, “vaxtında”, sərnişin – “yolçu”, müfəttiş – “yoxlayıcı”, narahatlıq – “rahatsızlıq”, müttəhim – “suçlu”, prokuror – “savçı”, müstəntiq – “soruşdurmaçı”, xadimə – “təmizlikçi kimi işlənsə, dilimiz bundan nə itirər? Niyə biz bağçıya mütləq “bağban”, işçiyə “fəhlə”, eyitimə “təhsil” deməliyik. Niyə biz qat sözünü qoyub “mərtəbə” sözünü işlədirik. Əgər biz cangüdən sözünü “qoruyucu”, “canqoruyan” kimi işlətsək, daha doğru olmazmı? Axı bizdə “güdmək” sözü tamam başqa məna verir. Niyə mütləq “milli məclis” deməliyik? “Ulusal yığıncaq” desək, olmazmı? Mömin yerinə “inanclı”, təcili yardım əvəzinə “ilk yardım”, münasibət əvəzinə “yanaşma”, müəllim yerinə “öyrədən”, bəhanə əvəzinə “tutarqa”, müstəmləkə əvəzinə “sümürqə”, dövr yerinə “dönəm” , məhsuldar əvəzinə “verimli”, təchizat əvəzinə “çatdırım”, müasir yerinə “çağdaş”, məktub yerinə “bitik” deyəndə bəyəm anlaşılmaz olur? Pilləyə “basanaq” deyə bilmərikmi? Göründüyü kimi, bu sözlərin sayını çox artırmaq olar.
Dilimizin daşıyıcıları olan bəzi insanlar öz nitqlərində Azərbaycan dilinin ziyanına olan, dilimizi korlayan sözlərə tez-tez müraciət edirlər. Sıradan vətəndaşların bu cür hərəkətləri, əlbəttə, arzuolunmazdır. Ancaq belə insanlar televiziya, yaxud radio aparıcıları, tanınmış şəxslər olanda vəziyyət daha ciddi şəkil alır. Məsələn: “nastroyeniye”, “uje”, “molodes”, “voobşe”, “davay”, “okey”, “pardon” kimi sözlər hələ də bizim qulaqlarımızı dəng etməkdədir.
Təəccüblüdür ki, türk xalqları öz doğum günü şənliklərində təbrik mahnısını ingiliscə oxuyurlar. Məgər türkcə belə bir mətn tapmaq çətindir?
Çox böyük təəssüf hissi ilə deməliyəm ki, Azərbaycan xalqının böyük bir hissəsini təşkil edən güneyli qardaşlarımız bu məsələdə daha da irəli gediblər. Bəzən onların nitqində o qədər fars və ərəb sözləri olur ki, adam anlamaqda çətinlik çəkir. Məsələn: xəstəxanaya “mərizistan”, telefona “quşi”, qoza “girdəkan”, elektrikə “bərq”, ailəyə “xanavadə”, xalqa “mərdum”, yaxşıya “xub”, yanlışa “iştibah”, dərziyə “xəyyat”, dayanacağa “isqah”, “yavaş-yavaş” sözünə “aram-aram”, buluda “əbrid”, “gənəşmək” sözünə “möşacirə”, üzüyola sözünə “sərberəhdi” , güvənli sözünə “motməen”, qorxulu sözünə “tərsnak”, yazıq sözünə “mağmun” deyən cənubi qardaşlarımız özləri də bilmədən Azərbaycan ədəbi dili ilə öz nitqlərinin arasında yapma divarlar yaradırlar. Qəribədir biz deyərkən “Azərbaycan hava yolları”, “Azərbaycan dəmir yolları” söz birləşmələrindən istifadə edirik. Lakin bu xidmətlərdən istifadə edənlərə “sərnişin” deyirik, “yolçu” demirik. “Yolçu” sözünü isə dilənçilərə aid edirik. Biz niyə “gələn duracaq” yox, “növbəti stansiya” deməliyik?
Azərbaycan dili olduqca zəngindir, söz ehtiyatı boldur. Lakin ədəbi dil formalaşarkən bir çox uğurlu sözlərimiz diqqətdən kənarda qalmışdır. Bu gün o sözlərin dilimizə qazandırılması çox aktualdır. Belə sözlər çoxdur. Məsələn: ekspert əvəzinə “uz”, “uzman”, zopa əvəzinə “toxmaq”, mərkəz əvəzinə “mərə”, “mətə”, “göbək”; qurumaq, vaxtı keçmək əvəzinə “qağdanlamaq”, dəyər əvəzinə “urvat” , gümrah əvəzinə “sulu”, rəf əvəzinə “taxça”, çərçivə əvəzinə “köşə”, əziyyət əvəzinə “çilə”, ələf əvəzinə “ot”, səda əvəzinə “ün”, cızıq əvəzinə “kərt”, zabit əvəzinə “subay”, tərifləmək əvəzinə “ağırlamaq”, təzyiq əvəzinə “basqı”, maska əvəzinə “takma”, cənnət əvəzinə “uçmaq”, çoban sözü ilə yanaşı “güdük” işlətsəydik, daha yaxşı olardı.
Apardığımız uzun müşahidələr belə deməyə əsas verir ki, türkdilli xalqların öz nitqlərində istifadə etdikləri əzəli türk sözlərini mütləq dilimizdə bərpa etməliyik. Belə sözlər bütün türk xalqlarının sərvətidir və bu tip sözlər bizim dilimizdə alınma hesab edilməməlidir. Bəzən uzaq Sibirdə yaşayan azsaylı bir xalqın dilində dilimiz üçün xəzinə hesab edilə biləcək ifadələrlə rastlaşırıq: Məsələn: yaka – “yaxa”, sahil – çayın ağzı, “mənbə”, çayın ayağı – “mənsəb”, sünbül – “başaq”, şimal – “quzey”, cənub – “güney”, günbatan – “qərb”, günçıxan – “şərq”, eşit – “bərabər”, öz – “meyvə suyu, şirə”, təhqir etmək – “aşağılamaq”, qiymət – “dəyər”, etimad – güvən, şübhə – “quşqu” və s. Fikrimizcə, bu tip sözlərin toplanaraq dilimizdə bərpasına nail olmaq və dilimizi zənginləşdirmək çox da çətin iş deyil.
Azərbaycan dilinin leksikonunun çox böyük hissəsini terminlər təşkil etməkdədir. “Termin” dedikdə, assosiativ olaraq gözümüzün önündə latın, yunan, ərəb mənşəli sözlər canlanır. Təəssüf doğurucu hal bir də odur ki, paralellik, müxtəliflik, sinonimlik doğurmasın deyə düşünülmüş terminlərin bəzən bir neçə varianti ilə belə rastlaşmalı oluruq. Məsələn: dilçiliyimizin özündə belə terminlər mövcuddur. Misal olaraq, elə “dilçilik” terminin özünü götürək. Məsələn: dilçilik – linqvistika, dilşünaslıq. Göründüyü kimi, dilimizə aydınlıq gətirməli olan terminlər belə, bəzən dolaşıqlığa səbəb verir. Özgə dillərdən söz alarkən bu o zaman baş verməlidir ki, yuxarıda qeyd etdiyim bütün mənbələrdə həmin sözün adlandırılması üçün uyğun söz tapılmasın. Həm də bu alınacaq söz dilimizə məfhumla birgə daxil olsun, yəni əşya ilə adı birgə qəbul etməliyik. Ad tapılanda belə həmin ad o nəsnəyə uyğun gəlsin. Məsələn: qardaş türklər kompüter sözünün əvəzinə “bilgisayar” işlətsələr də, Azərbaycan xalqı bunu qəbul etmədi. Ona görə ki, kompüterin funksiyası təkcə bilgi saymaqla bitmir.
Alınma sözlər dünyanın bir çox dillərində mövcuddur. Lakin elə dillər var ki, nisbətən az söz almışdır. Təəssüf hissi ilə deməliyəm ki, Azərbaycan dilində alınmalar arzuolunandan daha çoxdur. Dilimizin təmizlənməsi, saflaşdırılmasının aktual olduğu bir zamanda söz alarkən olduqca ehtiyatlı olmaq lazımdır. Yuxarıda qeyd etdiyimiz kimi, alınma yalnız zəruri ehtiyacdan olmalıdır. Oxucularda yanlış təsəvvür formalaşa bilər ki, guya dili fərmanla, sərəncamla, göstərişlə idarə etmək olar. Əlbəttə, bu belə deyildir, bu məsələ yalnız bizdən – dilin daşıyıcılarından asılıdır. Vacib anlarda bir yumruq kimi birləşərək, qəhrəmanlıqlara qadir olan şüurlu vətənpərvər xalqımız bu məsələdə də qeyrətini ortaya qoymalıdır. Güneyli-quzeyli Azərbaycan xalqı öz doğma dilini saflaşdırmağın və zənginləşdirməyin zamanını və yetişdiyini anlamaqdadır. Bu həm də ümum Azərbaycan ədəbi dilinin inkişafına xidmət edəcəkdir.
Bundan başqa, dilimizin öz türk kökünə dönməsi ümumtürk ədəbi dilinin formalaşmasında əsas qaynaqlardan biri olmasına gətirib çıxaracaqdır. Unutmaq lazım deyil ki, bizim söylədiklərimiz bir növ təklif xarakterlidir. Həm də bu, prinsip deyildir, günün tələbidir. Çox güman ki, opponentlərimiz sərgilədiyimiz fikirlərimizə münasibətdə bəzi məqamlarla razılaşmayacaqlar. Bu da təbiidir. Cəmiyyətimizin bəlli bir kəsimi konservativ düşüncəyə malikdirlər. Onlar hesab edəcəklər ki, sunduklarımız bir az devrimçi xarakter daşımaqdadır. Onlara sözüm budur ki, Azərbaycan türkcəsində olan neqativ məqamlar elə o konservatizmdən qaynaqlanır. Dilin zənginləşdirilməsi, özününküləşdirilməsi yalnız gəlişməyə yarayacaqdır. Azərbaycan dili hər xırda dəyişikliklərlə öz kimliyini və strukturunu itirməz. Bu dil min illərin sınağından çıxmışdır. Bu dildə yaranmış ədəbi-bədii sərvətlərimiz, incəsənətimiz bir əsgər kimi dilimizin keşiyində durmaqdadır. Keçmişdə Azərbaycan dilində yazılmış hər bir şeir nümunəsi, hər bir əsər dilimizin varlığının sübutudur.
Bu gün AMEA Nəsimi adına Dilçilik İnstitutunda xeyli iş görülməkdədir. İnstitutun əməkdaşları əllərindən gələni əsirgəmirlər. Lakin obyektiv səbəblərdən dilimizin və dilçiliyimizin problemləri tam şəkildə həll olunmur. Bu məsələlər dövlət səviyyəsində aradan qaldırılmalıdır. Ümumilikdə cəmiyyətimizin və dövlətimizin dilə yanaşması kompleks şəkildə dəyişilməlidir. Ölkədə dövlətin dil strategiyası hazırlanıb həyata keçirilməlidir, çünki dövlət dili sıradan bir məsələ deyil, məhz strateji məsələdir. Hesab edirik ki, dilimizin saflaşdırılmasını və zənginləşdirilməsini hər kəs özündən, öz nitqindən, danışığından başlamalıdır. Fikirlərimizin anlaşıqla qarşılanacağı ümidindəyik.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsinin müdiri,
Yazıçılar Birliyinin və Milli Məclisin Toponimiya komissiyasının üzvü
filologiya üzrə fəlsəfə doktoru,
dosent Elçin İsmayılov Muradxanlı
Azərbaycan dili ana dili dilimizi qoruyaq