Azərbaycanın futzal millisinə yeni baş məşqçi Yevgeni Kukseviçin sisteminə uyğunlaşmaq üçün vaxt lazımdır.
Bunu "Report"a açıqlamasında yığmanın sabiq baş məşqçisi Vitali Borisov deyib.
"Komandanın indiki durumunu gərək məşqçidən soruşasınız, o, daha yaxşı bilər. Komanda cəmi 4-5 gündür yığışıb. Yeni məşqçidir, bəlkə də yeni sistem formalaşdırmaq istəyir. Heyətin əksər üzvləri mənim vaxtımda dəvət olunanlardır. Yenilərdən Ədalət Ələkbərov və Qüdrət Qasımzadəni qeyd edə bilərəm. Ədaləti ötən il son oyunlara dəvət etmək istəyidim, viza problemi yarandığına görə alınmadı. Qüdrət isə "Araz-Naxçıvan"da məşq edir. Xəzər Ağalızadə və Nurlan Mehdizadəni, demək olar ki, itirmişik, onlar artıq futzaldan gediblər, mini-futbolda çıxış edirlər. Oktyabrda seçmə mərhələ oyunları olacaq, hələ 7-8 ay vaxt var. Təki hər şey yaxşı olsun. Çoxlu yoldaşlıq oyunları və turnirlər lazımdır ki, komanda bir-birinə və yeni məşqçinin sisteminə uyğunlaşsın", - mütəxəssis vurğulayıb.
O, yığmanın hazırkı durumundan söz açıb:
"Qısa müddətdə nəyisə dəyişmək çox çətindir. Danimarka ilə matçda qapıçı Emin Kürdovun hücumlara çox qoşulduğunu, əksər vaxtlarda beş nəfərlə oynadıqlarını gördüm. İndi bir çox Avropa komandaları belə oynayır, amma buna öyrəşmək üçün vaxt lazımdır. Çünki kiçik bir səhv boş qapıya qolla nəticələnir. Danimarka ilə oyunda da belə oldu. Rəqib səhv etdi və Nihad boş qapıya qol vurdu. Bizim vaxtımızda bu sistemdən çox az istifadə edirdik. Bu sistemi yığmada tətbiq etmək çətindir, gərək klublarda da bu istiqamətdə işlər görülsün".
V.Borisov Danimarkanın əvvəllər asan rəqib olduğunu vurğulayıb:
"Əsas çatışmazlıq rəqabətin azlığıdır. Yığmada cəmi 15-16 oyunçu varsa, bu çox pisdir. Gərək 30 nəfər olsun ki, öz aralarında rəqabət aparsınlar. Oyunçular da azdır. Maksimum 20 oyunçu ola, ya olmaya. Mən futzal oynayan vaxtlarda 30-40 nəfər növbəyə dayanırdı ki, yığmaya düşsün. İndi isə oyunçularımız azdır. Danimarka bizim üçün o qədər də güclü rəqib deyil. Biz əvvəllər onları böyük hesabla udurduq. O vaxtlar braziliyalılar da var idi. Amma onlar olmayanda belə Danimarka, İsveç, Yunanıstan, Özbəkistan kimi komandaları rahat udurduq".
Qeyd edək ki, Azərbaycan millisi ötən gün Bakı İdman Sarayında baş tutan yoldaşlıq görüşündə Danimarka yığmasına 1:4 hesabı ilə məğlub olub.