AFFA-nın sabiq texniki direktoru (2008-2020) Bernard Lippert Almaniyanın "Ayntraxt" (Frankfurt) komandasının Bakıda "Qarabağ"a uduzmasına (2:3) görə kədərlənib.
63 yaşlı mütəxəssis bu barədə "Report"a açıqlama verib.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyunu barədə danışan Azərbaycanın U-21 yığmasının keçmiş baş məşqçisi Bakıya səfəri ilə bağlı təəssüratlarını da bölüşüb:
"Şübhəsiz ki, yenidən Azərbaycana qayıdacağam. Çünki mənim üçün bura ikinci evimdir. Bu fürsəti əldə etdiyimə, bu qədər müsbət münasibət və enerji hiss etdiyimə görə çox xoşbəxtəm. Səfərim uğurlu alındı. Hərçənd bir az kədərliyəm ki, bu oyunda qalib gələ bilmədik. Amma ürəyim hər iki tərəfdə idi".
B.Lippert "Qarabağ"a növbəti matçlarda uğurlar arzulayıb:
"Açığı, bu qarşılaşmada heç-heçə böyük ehtimalla heç kimə xeyir verməzdi. Ona görə də sonda qalibin müəyyənləşməsi yaxşı oldu. Çünki ən azı "Qarabağ" hələ də son "16-lıq" uğrunda mübarizədə qalır. "Qarabağ" futbolçularının mentaliteti, döyüşkənliyi, ehtirası və eyni zamanda fərdi keyfiyyəti məni həqiqətən çox təəccübləndirdi. Bu baxımdan Azərbaycana böyük təbrik düşür. Düşünürəm ki, "Qarabağ" qələbəni daha çox istəyirdi və buna layiq idi. Çox maraqlı bir qarşılaşma oldu. Meydanda yüksək fərdi keyfiyyətlərə malik futbolçular var idi. "Qarabağ"a qarşıdakı oyunlarda böyük uğurlar arzulayıram".
Azərbaycan millisinin sabiq məşqçisi "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov və klub prezidenti Tahir Gözəl haqqında da danışıb:
"Xüsusilə də Qurban müəllimə və Tahir Gözələ son illər ərzində bu klubda gördükləri işlərə görə böyük kompliment düşür. Onların yaratdıqları həqiqətən inanılmaz və hörmətəlayiqdir. Bu oyunu izləməkdən çox məmnun qaldım. Mən "Ayntraxt"dan dəvət almışdım, çünki Azərbaycana gəlməmişdən əvvəl 12 il orada çalışmışam. Bu baxımdan köhnə dostlarımı yenidən görmək mənim üçün də xoş oldu. Azərbaycanda göstərilən münasibət, dəvət edildiyim yerlər məni çox təsirləndirdi. Hələ də bu isti münasibəti hiss edirəm. Tahir Gözəl ilə görüşdüm, biz həqiqətən dostuq və onu yenidən görmək məni çox sevindirdi".
O, Azərbaycana səfərinin çox uğurlu və xoş alındığını sözlərinə əlavə edib:
"Stadionda və ətrafda köhnə dostlarımı yenidən gördüm, amma təəssüf ki, hamısı ilə görüşməyə vaxt çatmadı. Hamıdan üzr istəyirəm ki, hər kəslə görüşə bilmədim, çünki daim rəsmi şam yeməklərinə, naharlara və səfirliyə dəvət olunurduq. Azərbaycanda cəmi iki gün idik və vaxt bir az qısa oldu. Bakı bir az da dəyişib, inkişaf edib. Orada olmağı çox sevirəm və əminəm ki, bu, Bakıya son səfərim olmayacaq. Çox sağ olun və sizə gözəl gün arzulayıram".
Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda "Ayntraxt"a 3:2 hesabı ilə qalib gəlib.