IMG-LOGO

Müttəfiqlərin qarşıdurması - Qəzzadan Qrenlandiyaya köçürülən ziddiyyət - ŞƏRH

23 Jan 2026 16:01 4 baxış
IMG

Davosda Qəzza zolağı və Qrenlandiya məsələsi başlıca mövzu oldu. Çünki müharibədən sonra zolağa sülh, adaya isə yeni qızışan ziddiyyət gəlir. ABŞ Prezidenti Donald Trampın və Almaniya kansleri Fridrix Mertsin çıxışlarında da bu aşkar görünür.

ABŞ ilə Avropa Qəzza və Qrenlandiya məsələsinə görə bir-birinə müqavimət göstərir. Bu bölgələri əsas götürən tərəflər bir-birini ən sərt ifadələrlə belə tənqid edirlər. Belə bir şəraitdə NATO hərbi blokunun aqibəti də sual altına düşür.

D.Tramp Davosdakı çıxışında bildirib: "Avropa solların Amerikaya sırımağa çalışdığı şeyin nümunəsidir". O, Avropada artan immiqrasiyanı və bərpa olunan enerji mənbələrinə keçidi tənqid edib, bunu yanlış yol adlandırıb: "Avropa tanınmaz olub". Qitə hökumətlərinin siyasətini tənqid edən Prezident belə deyib: "Avropa yanlış istiqamətə gedir".

ABŞ lideri son onilliklərdə ABŞ və Avropada artan dövlət xərclərini, xaricdən idxalın artımını qeyd edib: "Nəticədə rekord büdcə və ticarət kəsirləri, eləcə də bəşər tarixinin ən böyük kütləvi miqrasiya dalğasının səbəb olduğu artan suveren kəsir yaranıb".

Onun sözlərinə görə, Almaniya 2017-ci illə müqayisədə 22% az elektrik enerjisi istehsal edir. Elektrik enerjisinin qiymətləri isə 64% artıb və bunun məsuliyyəti əvvəlki hökumətlərin üzərinə düşür.

Donald Tramp "Truth Social" sosial şəbəkəsində Qrenlandiya və bütün Arktika regionu üzrə gələcək sazişin əsasını təşkil edəcək razılaşmaya nail olunduğunu da bildirib. Onun sözlərinə görə, NATO-nun Baş katibi Mark Rütte ilə "çox məhsuldar görüşü" zamanı kompromisə nail olublar: "Həyata keçirilərsə, bu qərar ABŞ və bütün NATO ölkələri üçün böyük üstünlük olacaq. Ona əsasən, mən fevralın 1-ində qüvvəyə minməsi nəzərdə tutulan tarifləri tətbiq etməyəcəm".

Mark Rütte Donald Trampın açıqlamasının tamamilə doğru olduğunu deyib. O, müzakirələrin davam etdiyini qeyd edərək əlavə təfərrüatlara varmayıb.

Razılaşmalarla bağlı bəzi detalları informasiya vasitələri yayıb. Donald Tramp dəfələrlə Qrenlandiyanın bütün hallarda ABŞ-nin nəzarətinə keçməsinin vacibliyini vurğulayır. Onun ideyasına əsasən, bu ada Arktika regionunun təhlükəsizliyinin təmin edilməsində, həmçinin ABŞ-nin milli təhlükəsizlik maraqları baxımından mühüm rol oynayır.

Tramp Arktikada Rusiya və Çin sualtı qayıqlarının ABŞ tərəfindən qeydə alınmış yüksək fəallığına da işarə edib.

Avropada isə xatırladırlar ki, Qrenlandiya artıq NATO-nun kollektiv müdafiə normaları ilə qorunur, adada ABŞ-nin hərbi mövcudluğu 1951-ci il müqaviləsi ilə təmin edilib.

Donald Tramp Qrenlandiya ilə bağlı gələcək saziş planının mövcud olduğunu açıqlayıb. Bundan öncə ABŞ ada ilə bağlı planına qarşı çıxan səkkizə yaxın müttəfiqinə iqtisadi sanksiyalar tətbiq edəcəyini bildirmişdi. Bunun ardınca belə bir açıqlama artan gərginlikdən sonra gözlənilməz olub.

Qrenlandiya ilə bağlı çərçivə sazişdə Danimarka, Qrenlandiya və ABŞ arasında Rusiya və Çinin adada iqtisadi hərbi baxımdan heç vaxt dayaq nöqtəsi əldə edə bilməməsi vurğulanıb.

Rütte bildirdi ki, Trampla görüşdə o, Danimarkanın Qrenlandiya üzərindəki suverenliyi ilə bağlı əsas məsələni müzakirə etməyib.

Danimarkada hesab edirlər ki, bu məsələ hələ də həllindən uzaqdır, istənilən saziş Qrenlandiya, Danimarka və ABŞ arasında birgə işlənib hazırlanmalıdır.

Danimarkanın Baş naziri Metter Frederiksen bildirib ki, Rütte ilə mütəmadi olaraq əlaqə saxlayır və danimarkalılar bütün siyasi məsələlər: təhlükəsizlik, investisiyalar, iqtisadiyyat üzrə danışıqlar apara bilərlər: "Ancaq öz suverenliyimiz barədə danışıqlar apara bilmərik. Mənə bunun danışıqlar mövzusu olmadığına dair məlumat verilib".

Qrenlandiyanın Danimarka parlamentindəki iki üzvündən biri Aaya Çemnits bildirib: "NATO bizsiz, Qrenlandiyasız heç nə barədə danışıqlar aparmaq hüququna malik deyil".

ABŞ-nin əsas istəyi adada formalaşdıracağı hərbi bazalar üzərində suverenliyini qurmaqdır. Çərçivə sazişə əsasən, Danimarka ABŞ-nin hərbi bazalar quracağı Qrenlandiyanın kiçik əraziləri üzərində suverenlikdən imtina edir.

Nümunə də var. Yunan Kiprində Böyük Britaniyanın iki hərbi bazası qurulub: "Akrotiri" və "Dekeliya". Kipr 1960-cı ildə müstəqillik qazanandan indiyədək həmin ərazilər Birləşmiş Krallığın suverenliyi altındadır. Başqa sözlə, Britaniyanın əraziləri sayılır.

Almanya kansleri Fridrix Merts Davos forumundakı çıxışında Avropa və ABŞ arasındakı fikir ayrılıqlarına baxmayaraq, transatlantik əməkdaşlıqdan imtina etməməyə çağırıb. O, Danimarka və Qrenlandiyanı Trampla qarşıdurmada həmrəylik nümayiş etdirməyə əmin edib.

Merts ABŞ, Rusiya və Çindən bəhs edərək Ştatların liderlik rolunun şübhə altına düşdüyünü deyib. Kanslerin iddiasına əsasən, buna cavab olaraq Vaşinqton xarici siyasət və təhlükəsizlik siyasətində radikal dəyişikliklər həyata keçirir.

Onun sözlərinə görə, böyük dövlətlər siyasəti dövrü başlayıb və onların formalaşdırdığı yeni beynəlxalq nizam güc və qüdrətə əsaslanır: "Ancaq Avropa onların təzyiqinə boyun əyməməli, özünü qorumağa qadir olmalı, rəqabət apara bilməli və birlik nümayiş etdirməlidir. O, bu yeni reallığı "tale kimi" qəbul etməməlidir".

Kansler bununla böyük güclərin ziddiyyətinin Qrenlandiyada üzə çıxdığına işarə edib.

Almaniya hökumətinin başçısı xəbərdarlıq edib ki, böyük dövlətlərin siyasəti hamı üçün əvvəlcə kiçik dövlətlər, sonra orta ölkələr və nəhayət, böyük dövlətlərin özləri üçün təhlükəlidir. Kansler avropalı müttəfiqləri bir-birinə daha yaxın olmağa, ABŞ-ni isə avropalılarla daha ədalətli əməkdaşlığa çağırıb: "Son ayların bütün məyusluq və narazılıqlarına baxmayaraq, gəlin, transatlantik tərəfdaşlığı vaxtından əvvəl hesabdan silməyək".

O, Donald Trampın Qrenlandiya ilə bağlı bəyanatlarını ehtiyatla alqışlayaraq bunu "doğru istiqamətdə atılan addımlar" adlandırsa da, Danimarka və Qrenlandiya xalqı "bizim həmrəyliyimizə güvənə bilər" deyə bildirib.

F.Merts ABŞ liderini Qrenlandiya ətrafındakı məsələdə mövqeyini dəyişəcəyi təqdirdə cavab tədbirləri ilə hədələyib: "Yeni tariflər transatlantik münasibətlərin təməlini sarsıdacaq. Onlar tətbiq edilərsə, Avropanın reaksiyası vahid, sakit, adekvat və güclü olacaq".

Bununla belə, kansler ABŞ Prezidentinin təklif etdiyi Sülh Şurasına mövqeyini yenə də bildirməyib. Əvvəllər o, Almaniyanın bu təşəbbüsdə iştirakını rədd etdiyini bildirmişdi.

Qrenlandiya ətrafında ziddiyyətlər kəskinləşdiyi halda NATO-da müttəfiq olan dövlətlər Trampın təklif etdiyi Sülh Şurasının təsisçisi olmamaqla sanki əvəz çıxırlar. Davos Dünya İqtisadi Forumu həm də bu qurumun təsis edilməsi üçün məkan olub. Bildirilib ki, Ağ Ev Rusiya, Belarus və Çin də daxil olmaqla 60 ölkəyə dəvət göndərib. 35 ölkə Şuraya qoşulacağını açıqlayıb.

Sülh Şurasının nizamnaməsinə əsasən, qərar qəbuletmə səlahiyyətləri Donald Trampın əlində cəmləşəcək.

Böyük Britaniya, Almaniya, Fransa, İsveç, Norveç, Kanada Şuraya qoşulmaqdan imtina ediblər. Ona qoşulmayanlar belə ehtimal edirlər ki, bu, BMT-ni sarsıdacaq. Qrenlandiya adası ilə bağlı razılığa gəlinməzsə, o zaman NATO-nun perspektivi şübhəli qala bilər.

Fransa Prezidenti Emmanuel Makronun quruma qoşulmayacağı ilə bağlı bəyanatına Donald Trampın cavabı ziddiyyətlərin kəskinliyini bir daha təsdiqləyir. Tramp deyib: "Bunu o dedi? Yaxşı, onu heç kim istəmir, çünki o, tezliklə vəzifədən gedəcək, buna görə də, bilirsiniz, hər şey qaydasındadır. Mən nə edəcəyəm? Mən onun şərablarına və şampanına 200 faizlik tarif tətbiq edəcəyəm. O da qoşulacaq. Ancaq o qoşulmaq məcburiyyətində deyil. Əgər bunu o deyibsə, siz yəqin ki, bunu mənə bir az fərqli şəkildə çatdırırsınız, amma əgər o, həqiqətən bunu deyibsə, bildiyiniz kimi, o, bir neçə ay sonra vəzifədən gedəcək".

Keçmiş müttəfiqlər Yaxın Şərqdəki ziddiyyəti indi Qrenlandiyaya köçürürlər. Britaniya, Fransa Fələstinin müstəqilliyini tanımaqla orada bu qarşıdurmanın təməlini qoymuşdular. İndi onların arasında qarşıdurma adaya daşınıb.

Üzv ölkələr Avroatlantik Alyansın gələcəyindən də narahatlıqlarını gizlətmirlər. Prezident Tramp bu məsələdə də avropalı müttəfiqlərini məyus edib. O, "Fox Business"ə müsahibəsində Alyansın ölkəsinə faydasının olmadığını bildirib: "Bizim NATO-ya heç vaxt ehtiyacımız olmayıb. Biz faktiki olaraq, ondan heç nə istəməmişik".

Fransa Milli Assambleyasının vitse-prezidenti Klemens Hötenin ölkəsinin NATO-dan çıxmasını tələb edən təşəbbüsü Alyans daxilində fikir ayrılıqları fonunda gerçəkləşə bilər: "Fransanın NATO-dan çıxmaq üçün real imkanı var".

Məlumatlara əsasən, Emmanuel Makron da NATO-ya şübhə ilə yanaşaraq Vaşinqtondan gələn təhdidlərə qarşı Qrenlandiyaya Fransa qoşunlarını yerləşdirib.

Beləliklə, Qəzza zolağı, bütünlükdə Fələstin beynəlxalq güclərin ziddiyyətinin kəsişdiyi nöqtə olduğunu isbatlayır. Sülh Şurası onların Yaxın Şərqdəki qarşıdurmasının göstəricisi sayılır. Qrenlandiya məsələsi isə müttəfiqləri qarşı-qarşıya qoyub. Çin və Rusiyanın adları hallansa da, qarşıdurma Qərb blokunda ABŞ, Böyük Britaniya, Avropa İttifaqı, NATO-da baş verir. Hələ dəyişməyən güclər Yaxın Şərqdə toqquşan maraqlardan doğan hadisələri indi Atlantik okeanının cənub sahillərindən şimalına daşıyır. Bunun yeni dostlar, müttəfiqlər, maraqlar, qurumlar yaradacağı da qaçılmaz görünür.

Xəbər lenti