"Yelo Bank" 2025-ci ilin yekununa dair maliyyə nəticələrini açıqlayıb. Rəqəmlərə nəzər yetirdikdə ötən il Bank üçün böyümə və sabit inkişaf ili kimi yadda qalıb. Xüsusilə kredit və depozit portfelində, aktivlərdə və faiz gəlirlərində əhəmiyyətli artım müşahidə olunub.
Belə ki:
- 2025-ci ilin sonuna "Yelo Bank"ın aktivləri 1 milyard 515 milyon manat təşkil edib. Bu da əvvəlki ilin sonu ilə müqayisədə 18 % - 235 milyon manatdan çox artım deməkdir;
- Bankın kredit portfeli böyüyüb: 2025-ci il ərzində kredit portfeli 154 milyon manat və ya 16 % artımla 1 milyard 89 milyon manata yüksəlib;
- Artımın mühüm hissəsini biznes kreditləri təşkil edib: biznes kredit portfeli 15 %, yəni 86 milyondan çox artımla 673 milyon manatı keçib. Bank real sektorun maliyyələşdirilməsində aktiv mövqeyini qoruyaraq il ərzində mikro bizneslərə 418 milyon manat vəsait ayırıb. İlin sonuna mikrokredit portfelinin həcmi 417,5 milyon manat təşkil edib, bu da 2024-cü ilin analoji dövründən 20 %, 70 milyon manat çoxdur;
- İstehlak kreditləri portfeli də əhəmiyyətli dərəcədə artıb: il ərzində 26 mindən çox müştəriyə istehlak krediti verilib, nəticədə bu istiqamət üzrə portfelin həcmi 68 milyon manat, yəni 20 %-lik artımla 415 milyon manatı ötüb;
- "Yelo Bank"ın əmanətləri cəlbedici olmağa davam edib: 2025-ci ilin sonunda Bankın əmanət portfeli 1,1 milyard təşkil edib. Bu göstərici 2024-cü ilin sonu ilə müqayisədə 165 milyon manat və ya 18 % çoxdur. 2025-ci ildə portfeldəki 11 mindən çox fiziki şəxsin əmanətləri 809 milyon manat təşkil edib;
- 2025-ci ildə faiz gəlirləri də artıb. İl ərzində 28 milyon manatdan çox – 19 % artan faiz gəlirləri 180 milyon manata yüksəlib. Qeyri-faiz gəlirləri isə 20 milyon manatı ötüb;
- Bankın kapital mövqeyi xeyli güclənib: hesabat dövründə məcmu kapital 175 milyon manat təşkil edib, bu da əvvəlki ilin eyni dövründən 18 %, yəni 26 milyon manat çoxdur. Məcmu kapitalın adekvatlıq əmsalı 13,62 %, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 9,48 % olmaqla, hər iki göstərici üzrə tələb olunan normanı üstələyir;
- Bankın 2025-ci ildə xalis mənfəəti isə 31,3 milyon manat təşkil edib.
Bankın İdarə Heyətinin sədri Anar Həsənov 2025-ci ilin göstəricilərini belə şərh edib: "2025-ci il "Yelo Bank" üçün dayanıqlı böyümə və sabit inkişaf ili oldu. İlin əvvəlindən qarşıya qoyduğumuz hədəfləri tamamladıq və hətta bəzi göstəricilərdə gözləntiləri üstələyə bildik. Kredit portfelində, xüsusilə biznes kreditlərində müşahidə olunan ikirəqəmli artım real sektorun maliyyələşdirilməsinə verdiyimiz töhfəni gücləndirdi. Əmanətlərdəki yüksəliş isə fiziki müştərilərin "Yelo Bank"a güvənərək gələcəklərini bizimlə planlaşdırdıqlarını göstərir. Bu il innovativ bank həllərinin tətbiqi, mövcud xidmətlərimizin daha da rahatlaşdırılması əsas prioritetlərimiz olacaq. İnanırıq ki, 2026-cı il inkişaf imkanları ilə zəngin bir il olacaq və "Yelo Bank" müştərilərinə daha parlaq bankçılıq təcrübəsi təqdim etməklə bazarda mövqeyini daha da möhkəmləndirəcək".
Bank xidmətlərinə aid əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!