IMG-LOGO

EBRD Azərbaycanda gənc sahibkarların kreditə olan potensial tələbatını 1,5 milyard dollar dəyərində qiymətləndirib

24 Nov 2026 07:00 11 baxış
IMG

Azərbaycanda gənc sahibkarlar kreditə potensial tələbatı 1,5 milyard ABŞ dollarına çatan geniş, lakin kifayət qədər əhatə olunmamış bazar seqmentini formalaşdırırlar.

Bu barədə "Report" Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD) istinadən xəbər verir.

Bu qiymətləndirmə Bakıda, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən EBRD-nin "Gənclər biznesdə" proqramına respublikada rəsmi qaydada start verilməsinə həsr olunmuş tədbirdə səsləndirilib.

Bank vurğulayır ki, gənclər qeyri-neft iqtisadiyyatının inkişafında, innovasiyaların stimullaşdırılmasında və yeni iş yerlərinin yaradılmasında mühüm rol oynasalar da, gənc müəssisə sahibləri hələ də adekvat maliyyə məhsullarına və məsləhət xidmətinə çıxış əldə etməkdə ciddi çətinliklərlə üzləşirlər. "Gənclər biznesdə" proqramı yerli tərəfdaş banklar vasitəsilə ünvanlı kreditləşmə və sahibkarlıq bacarıqlarının inkişafına kömək edən qeyri-maliyyə yardımı sayəsində bu maneələrin aradan qaldırılmasına yönəlib.

Proqram mülkiyyətçiləri və ya rəhbərləri yaşı 35-dən çox olmayan sahibkarlar olan mikro, kiçik və orta müəssisələr üçün nəzərdə tutulub.

"EBRD-nin vəzifəsi bu potensialın üzə çıxarılmasında Azərbaycana yardım etmək, yeni nəsil sahibkarlara dəstək göstərməklə və daha çox şaxələndirilmiş, rəqabətqabiliyyətli və dayanıqlı iqtisadiyyatın formalaşmasına dəstək veririk. Biz bu imkanların yeni iqtisadi fəallığın yarandığı regionlar da daxil olmaqla, ölkənin bütün ərazisində sahibkarlar üçün əlçatan olmasına çalışırıq", - mətbuat xidməti EBRD-nin Qafqaz üzrə regional rəhbəri Tomas Kayrisin sözlərindən sitat gətirir.

Bu təşəbbüs çərçivəsində Azərbaycanda praktiki maliyyələşdirmə artıq başlayıb: 2025-ci ilin dekabrında EBRD "AccessBank"a 20 milyon ABŞ dollarınadək (17,1 milyon avro) məbləğdə kredit xətti ayırıb ki, bu da ölkədə sözügedən proqram üzrə ilk investisiya olub. Bu maliyyələşdirmə çərçivəsində ilk zərər risklərinin qarşılanması üzrə zəmanətlər Aİ tərəfindən "Dayanıqlı İnkişaf üçün Avropa Fondu Plyus" (EFSD+) mexanizmi vasitəsilə təmin edilir. Təşəbbüs EBRD-nin Mərkəzi Asiya, Misir, Mərakeş, Türkiyə və Qərbi Balkanlarda topladığı analoji təcrübəyə əsaslanır. Bank Azərbaycanda ən böyük institusional investor qismində çıxış edir. Bankın milli iqtisadiyyata yatırımlarının ümumi məbləği iqtisadiyyatın şaxələndirilməsinə, özəl qeyri-neft sektorunun gücləndirilməsinə və "yaşıl enerji"yə keçidə yönəlmiş 200-dən çox layihə çərçivəsində 3,8 milyard avronu ötür.

Mənbə: report.az

Xəbər lenti