IMG-LOGO

Azərbaycan ADB-nin dekarbonizasiyası çətin sektorlarda emissiyaların azaldılması proqramına qoşula bilər

19 Jan 2026 12:59 4 baxış
IMG

Asiya İnkişaf Bankı (ADB) və Azərbaycan ölkənin dekarbonizasiyası çətin olan sənaye və dəniz sektorlarının karbonsuzlaşdırılması üzrə texniki yardım proqramına qoşulması mümkünlüyü ilə bağlı danışıqlar aparır.

ADB-dən "Report"a verilən məlumata görə, hazırda texniki yardım proqramı Hindistan, Filippin və Türkmənistanı əhatə edir. Hazırda Azərbaycanla yanaşı, Özbəkistanla da müvafiq müzakirələr aparılır.

Təşəbbüs Bankın üzvü olan ölkələrin ən çox karbon tutumlu iqtisadi sahələrdə emissiyaların azaldılması və Paris sazişinin məqsədlərinə uyğun olaraq "ilk" iqlim layihələri portfelinin formalaşdırılması səylərinə dəstək göstərilməsini hədəfləyir.

Layihənin ümumi büdcəsi 2,25 milyon ABŞ dolları təşkil edir. Maliyyələşdirmənin ADB-nin Xüsusi Texniki Yardım Fondu (500 min ABŞ dolları), Ağıllı Enerji İnnovasiya Fondu (1 milyon ABŞ dolları) və Texniki Yardım üzrə İspaniya Əməkdaşlıq Fondu (750 min ABŞ dolları) vasitəsilə həyata keçirilməsi planlaşdırılır.

Bank izah edir ki, texniki yardım ADB-nin inkişaf etməkdə olan üzv ölkələrinə (DMCs) emissiyaların azaldılmasının ənənəvi olaraq yüksək texnoloji və maliyyə maneələri ilə əlaqəli olduğu sahələrin dekarbonizasiyası prosesində bilik mübadiləsinin aparılmasına və praktik dəstəyin verilməsinə yönəlib. Bəzi ölkələrdə bu proses artıq başlasa da, ADB-nin qiymətləndirmələrinə görə, Paris sazişinin iqlim məqsədlərinə cavab vermək üçün DMCs-lərin bütün inkişaf trayektoriyaları üzrə transformasiya tempi əhəmiyyətli dərəcədə sürətləndirilməlidir.

Proqram bir neçə ölkədə ilkin ("upstream") işləri və layihə portfellərinin formalaşmasını, daha çox və daha az inkişaf etmiş iqtisadiyyatlar arasında bilik mübadiləsini, həmçinin regional əməkdaşlığın inkişafını nəzərdə tutur. ADB vurğulayır ki, bu, xüsusilə sement və polad sənayesi, gübrə istehsalı və neft-kimya sahələri üçün vacibdir, çünki bu sektorlar regional və qlobal standartların mövcud olduğu şəraitdə daha səmərəli fəaliyyət göstərir. Gələcəkdə bu cür əməkdaşlıq formaları dayanıqlı ticarət və investisiya mexanizmlərinin yaradılmasına töhfə verə bilər.

Təklif olunan texniki yardım kompleks xarakter daşıyacaq, sahə və ölkə üzrə qiymətləndirmələrin hazırlanmasını, yeni biznes modellərinin işlənib hazırlanmasını, ilkin texniki-iqtisadi əsaslandırmaların və digər texniki tədqiqatların aparılmasını, seminarların və siyasi dialoqların təşkilini, dekarbonizasiya texnologiyaları sahəsində institusional potensialın gücləndirilməsi tədbirlərini, eləcə də ADB və digər tərəfdaşlar tərəfindən sonrakı maliyyələşdirmə üçün pilot layihələrin və investisiya portfellərinin hazırlanmasını əhatə edəcək.

ADB qeyd edir ki, emissiyaların azaldılması üçün iqtisadi və texnoloji cəhətdən səmərəli həllərin mövcud olmasına baxmayaraq, bəzi sahələr transformasiya üçün xüsusilə çətin olaraq qalır. Söhbət karbonun istehsal prosesinin ayrılmaz hissəsini təşkil edən "dekarbonizasiyası çətin olan sektorlar"dan gedir. Bu sahələrə ağır sənaye - sement, polad, gübrə, neft-kimya, eləcə də uzunməsafəli sərnişin və yük daşımaları, o cümlədən aviasiya və dəniz gəmiçiliyi daxildir. Ümumilikdə, qlobal CO₂ emissiyalarının təxminən 30 %-i bu sektorların payına düşür.

Bu sahələrdə emissiyaların azaldılmasının karbon neytralllığının ("net zero") əsas şərti olmasına baxmayaraq, iqtisadi cəhətdən səmərəli və miqyaslı həllərin tapılması ciddi çağırış olaraq qalır. Bu gün mövcud olan texnologiyaların bir çoxu sınaq mərhələsindədir, yüksək dəyərə malikdir, təhlükəsizlik tələblərinə və ekoloji standartlara hər zaman cavab vermir. Buna baxmayaraq, bu sektorlarda şirkətlər artıq "yaşıl öhdəliklər" götürməyə və sıfır emissiyaya nail olmaq üçün yol xəritələri hazırlamağa başlayıblar.

ADB vurğulayır ki, bununla əlaqədar Bankın üzvü olan ölkələrə perspektivli texnologiyaların qiymətləndirilməsində, siyasi və tənzimləyici çərçivələrin formalaşdırılmasında, maliyyələşdirmənin səfərbər edilməsində və dekarbonizasiyası çətin olan iqtisadi sektorlarda emissiyaların azaldılmasını sürətləndirə bilən "pioner layihələr" portfelinin yaradılmasında kömək etmək üçün təcili texniki dəstək tələb olunur.

Xəbər lenti