Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) 2024-cü ilin yekunları üzrə müstəqil auditor tərəfindən təsdiq edilmiş maliyyə hesabatlarına əsasən, Fond ötən maliyyə ilini 186,2 milyon manat xalis mənfəətlə başa vurub.
Bu barədə "Report" ƏSF-in hesabatına istinadən xəbər verir.
Bildirilir ki, bu nəticə əvvəlki illə müqayisədə maliyyə göstəricilərində mühüm dönüşü əks etdirir. Belə ki, 2023-cü il tarixində 2 bankda baş vermiş sığorta hadisəsi üzrə kompensasiya ödənişlərini nəzərə alaraq hesabatda 70,4 milyon manat məbləğində zərər qeydə alınıb.
Beynəlxalq audit şirkəti olan "KPMG Audit Azərbaycan" MMC-nin audit hesabatında qeyd olunur ki, 2024-cü ildə Fondun əsas gəlirləri üzrə müsbət dinamika müşahidə edilib. Belə ki, sığorta haqları üzrə gəlirlər 81,8 milyon manat (əvvəlki illə müqayisədə 7,1 % çox), yerləşdirilmiş vəsaitlər üzrə gəlirlər 6,7 milyon manat (+1,8 %), əmanətçilərə ödənilmiş kompensasiyaların geri qaytarılmasından daxilolmalar isə 105,9 milyon manat (+12,05 %) təşkil edib.
Eyni zamanda, kompensasiya ödənişləri üzrə xərclər kəskin şəkildə azalaraq 153 min manat (əvvəlki illə müqayisədə 1570 dəfə az), maliyyə aktivləri üzrə gözlənilən kredit zərəri 1 milyon manat (-2,8 dəfə), inzibati və sair əməliyyat xərcləri isə 6,8 milyon manat (+7,5 %), faiz xərcləri isə 326 min manat (-19,3 %) olub.
Maliyyə hesabatına əsasən, 1 yanvar 2025-ci il tarixə ƏSF-in aktivləri 599,7 milyon manat təşkil etmişdir ki, bu da əvvəlki illə müqayisədə 7,95 % azdır. Aktivlərin azalma səbəbi 2 bankda sığorta hadisəsinin baş verməsi, bununla bağlı xərclərin çəkilməsi və nəticə etibarı ilə likvid vəsaitlərin (ehtiyatların) azalması ilə bağlı olub. Qeyd olunan 599,7 milyon manat aktivin 457,3 milyon manat hissəsini dövlət qiymətli kağızlarında yerləşdirilən veksellər təşkil edib. Hesabat dövründə Fondun öhdəlikləri 53,1 % azalaraq 210,5 milyon manata, o cümlədən borc öhdəlikləri 27,3 % azalaraq 180 milyon manata düşüb, balans kapitalı isə 91,7 % artaraq 389,2 milyon manata çatıb.