IMG-LOGO

"İçərişəhər": İdarəetmə və maliyyə üzrə genişmiqyaslı islahatlar aparırıq

13 Jan 2026 18:55 2 baxış
IMG

"İçərişəhər" Dövlət Tarix-memarlıq Qoruğu İdarəsi idarəetmə mexanizmlərini təkmilləşdirmək, maliyyə şəffaflığını artırmaq və daxili nəzarət sistemlərini beynəlxalq standartlara uyğunlaşdırmaq məqsədilə genişmiqyaslı islahatlar aparır.

Bu barədə "Report"un sorğusuna cavab olaraq qurumdan bildirilib.

Məlumata görə, icra olunan tədbirlər həm idarəetmənin strukturunda, həm də maliyyə arxitekturasında yeni mərhələnin əsasını qoymağa xidmət edir.

"Bu islahatların tərkib hissəsi olaraq, maliyyə hesabatlılığının müasir dövrün tələblərinə və qlobal standartlara tam uyğunluğunu təmin etmək məqsədilə ötən ilin aprel ayından etibarən bütün uçot və hesabat prosesləri İFRS (Beynəlxalq Maliyyə Hesabatı Standartları) üzrə aparılır. Bu keçid maliyyə mənzərəmizin daha şəffaf, müqayisə olunabilən və etibarlı məlumat bazası üzərində formalaşmasına xidmət edir", - deyə məlumatda qeyd olunub.

İdarə, eyni zamanda, əmək resurslarının idarə edilməsində operativliyi artırmaq, kadr potensialından daha səmərəli istifadə etmək məqsədilə strukturun optimallaşdırılmasının həyata keçirildiyini bildirib.

"Bu struktur islahatları nəticəsində İdarənin Mənzil-kommunal və Təmir Xidməti sahəsində insan resurslarının idarə edilməsi tamamilə vahid və şəffaf müstəviyə keçirilib, nəticə etibarilə hazırda müəssisədə hər hansı bir ştatdankənar işçi qalmayıb. Bütün əməkdaşların rəsmi ştat vahidlərinə inteqrasiyası həm korporativ intizamı gücləndirib, həm də fəaliyyətimizi müvafiq sahə normaları ilə tam uzlaşdırıb.

Maliyyə balansının dürüstləşdirilməsi və aktivlərin real dəyərinin uçotda düzgün əks etdirilməsi prosesləri də diqqət mərkəzində saxlanılır. Aktivlərin idarə edilməsi siyasətimizə uyğun olaraq, keçmiş dövrlərə aid maliyyə yazılışlarının və balansdan silinmə məsələlərinin beynəlxalq standartlara uyğun şəkildə dəqiqləşdirilməsi üçün zəruri düzəlişlər hazırda icra olunmadadır.

İdarənin beynəlxalq təcrübəyə söykənən bu islahatlarla özünün korporativ idarəetmə prinsiplərinə sadiqliyini nümayiş etdirir və gələcək fəaliyyətini tam şəffaf, hesablı və dayanıqlı təməllər üzərində qurmaqda davam edir", - "İçərişəhər"in məlumatında bildirilir.

Xatırladaq ki, Hesablama Palatasının 2024-cü ildə apardığı uyğunluq auditi nəticəsində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində və onun tabeliyindəki təşkilatlarda dövlət vəsaitinin və əmlakının istifadəsi ilə bağlı bir sıra nöqsanlar aşkar edilib. Onlar bu günə qədər aradan qaldırılmayıb. Auditin nəticələrinə əsasən, növbəti hesabat dövrünə aid illik maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun tərtib edilməsi təmin olunmaması qeyd olunub.

Xəbər lenti