IMG-LOGO

Azərbaycan 2008-ci ildən bəri 9 milyard dollardan çox suveren maliyyələşdirmə cəlb edib

13 Jan 2026 17:17 5 baxış
IMG

Ötən ilin oktyabrın 1-nə Azərbaycanda təsdiq edilmiş suveren maliyyələşdirmənin məbləği 9,31 milyard ABŞ dolları təşkil edib.

"Report" Avrasiya Sabitləşdirmə və İnkişaf Fonduna istinadən xəbər verir ki, 2025-ci ildə 174,7 milyon ABŞ dolları ayrılıb, vəsaitin əsas hissəsi isə 2008-2024-cü illərdə təsdiq edilib. Bu dövrdə 592 əməliyyat və 535 layihə həyata keçirilib, 74 layihə icra mərhələsindədir.

Ən çox maliyyə vəsaiti nəqliyyat (2,864 milyard ABŞ dolları), su təchizatı və sanitariya (1,906 milyard ABŞ dolları), neft-qaz və enerji sektoru (1,776 milyard ABŞ dolları), dövlət idarəçiliyi və inzibatçılıq sahələrinə (1,172 milyard ABŞ dolları) yönəldilib. Bundan başqa, iqtisadi siyasət, maliyyə və bank sektoruna 392,3 milyon ABŞ dolları, səhiyyəyə 258,1 milyon ABŞ dolları, kənd təsərrüfatına 221,8 milyon ABŞ dolları, infrastruktur və urbanizasiyaya 103,8 milyon ABŞ dolları, informasiya və kommunikasiya texnologiyalarına 96,5 milyon ABŞ dolları, təhsil və əmək resurslarının hazırlanmasına 91,8 milyon ABŞ dolları, iqlim və davamlı inkişafa 49,2 milyon ABŞ dolları, çoxsektorlu layihələrə isə 24,1 milyon ABŞ dolları ayrılıb.

Maliyyələşdirmə növləri üzrə investisiya layihələri 7,52 milyard ABŞ dolları, sabitləşdirmə maliyyələşdirməsi 1,6 milyard ABŞ dolları, texniki yardım 189,6 milyon ABŞ dolları məbləğində olub. Ən böyük investor 3,582 milyard ABŞ dolları məbləğində vəsaitin ayrılmasını təsdiq etmiş Asiya İnkişaf Bankıdır. Bunun 2,063 milyard dolları investisiya, 1,5 milyard dolları sabitləşdirmə maliyyələşdirməsi, 18,6 milyon dolları isə texniki yardımdır. Dünya Bankı 2,291 milyard dollar (investisiya - 2,284 milyard dollar, texniki yardım - 7,4 milyon dollar), İslam İnkişaf Bankı 896,9 milyon dollar (investisiya maliyyələşdirməsi), Avropa Yenidənqurma və İnkişaf Bankı 872,2 milyon dollar (investisiya), Asiya İnfrastruktur İnvestisiya Bankı 700 milyon dollar (600 milyon dollar investisiya və 100 milyon dollar sabitləşdirmə maliyyələşdirməsi) ayırıb.

Digər fəal beynəlxalq institutlar arasında Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JICA) 353,8 milyon dollar, Almaniya İnkişaf Bankı (KfW) 128,53 milyon dollar, Əbu-Dabi İnkişaf Fondu (ADFD) 91,33 milyon dollar, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) 72,86 milyon dollar, Səudiyyə İnkişaf Fondu 60 milyon dollar, Avropa Xarici Əlaqələr Xidməti (EEAS) 51,44 milyon dollar (35,3 milyon dollar investisiya, 16,2 milyon dollar texniki yardım) məbləğində vəsait təqdim edib.

Qalan maliyyələşdirmə məbləği Avropa İnvestisiya Bankı (45,23 milyon dollar, investisiya maliyyələşdirməsi), Qlobal Ekologiya Fondu (39,15 milyon dollar, texniki yardım), Yaşıl İqlim Fondu (28,79 milyon dollar, investisiya - 25 milyon dollar, texniki yardım - 3,79 milyon dollar), OPEC Fondu (22,33 milyon dollar, investisiya 21,9 milyon dollar, texniki yardım 0,4 milyon dollar), Beynəlxalq Kənd Təsərrüfatı İnkişafı Fondu (IFAD, 19,35 milyon dollar investisiya maliyyələşdirməsi), ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID, 12,95 milyon dollar texniki yardım), ÇXR Ticarət Nazirliyi (11,93 milyon dollar, investisiya maliyyələşdirməsi), Çin Beynəlxalq İqtisadi və Texniki Mübadilə Mərkəzi (11 milyon dollar, investisiya maliyyələşdirməsi), İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi (SDC - 9,93 milyon dollar, investisiya maliyyələşdirməsi), BMT İnkişaf Proqramı (7,28 milyon dollar, bütün məbləğ texniki yardımın payına düşüb), Avstriya İnkişaf Agentliyi (0,67 milyon dollar məbləğində texniki yardım), İsveç Beynəlxalq İnkişaf Agentliyi (Sida - 0,4 milyon dollar, bütün məbləğ texniki yardımın payına düşüb) arasında paylanıb.

Xəbər lenti