IMG-LOGO

Azərbaycanda "tələf oldu" kimi göstərilən 38 baş damazlıq heyvanla bağlı fakt təsdiqlənməyib

13 Jan 2026 13:23 3 baxış
IMG

Hesablama Palatası apardığı səmərəlilik auditi nəticəsində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xətti ilə damazlıq heyvandarlıq sahəsinə ayrılmış dövlət dəstəyinin icrası zamanı ciddi uyğunsuzluqlar aşkarlayıb.

"Report" bu barədə Palatanın hesabatına istinadən xəbər verir.

Audit çərçivəsində "Damazlıq heyvanın güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi ilə əlaqədar öhdəlik haqqında iltizam" sənədlərinin şərtləri nəzərə alınmaqla aparılmış monitorinqlər zamanı fermer təsərrüfatlarında faktiki mövcudluğu aşkar edilməmiş 4 456 baş iri və xırdabuynuzlu damazlıq heyvan müəyyən edilib.

Həmin heyvanların dəyərinin 60 % güzəşti üzrə dövlətin maliyyələşdirdiyi vəsaitin məbləği 5 milyon 127 min 534,4 manat təşkil edib.

Bununla yanaşı, nazirliyin daxili nəzarət qaydasında apardığı monitorinqlər nəticəsində 86 baş Simmental cinsli damazlıq heyvanın alıcısı olan bir təsərrüfatda həmin heyvanların da faktiki mövcudluğu təsdiqlənməyib. Eyni zamanda, Agentliyin apardığı monitorinqlərin sənədlərində "tələf olma" adı altında qeydə alınmış, lakin mövcudluğu təsdiqlənməyən 38 baş damazlıq heyvan da aşkar edilib.

Auditin nəticələrinə əsasən, qeyd olunan hallarla bağlı damazlıq heyvanların dəyərinin 60 %-lik güzəşti üzrə maliyyələşdirilmiş məbləğlərdə yaranmış çatışmazlığın bərpa edilməsi tələb olunsa da, bu istiqamətdə tədbirlər bu günə qədər icra edilməyib və məsələ hazırda izlənilmə mərhələsindədir.

Xəbər lenti