2024-cü ildə aparılmış uyğunluq auditi nəticəsində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində və onun tabeliyindəki təşkilatlarda dövlət vəsaitinin və əmlakının istifadəsi ilə bağlı bir sıra nöqsanlar bu günə qədər aradan qaldırılmayıb.
"Report" bu barədə Hesablama Palatasının hesabatına istinadən xəbər verir.
Auditin nəticələrinə əsasən, növbəti hesabat dövrünə aid illik maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun tərtib edilməsi təmin olunmayıb.
Bundan əlavə, Mənzil-kommunal və Təmir Xidməti İçərişəhərdə yerləşən yaşıllıq sahələrinə qulluqla bağlı ştatdankənar işçilər üzrə ştat vahidi sayının müvafiq sahə normalarına uyğunlaşdırılması tələbini də icra etməyib.
Hesabatda, həmçinin 2022-ci ildə elektromobillərin balansdan silinməsi ilə bağlı aparılmış əməliyyatların nəticələrinin müvafiq mühasibat yazılışları ilə uçotda əks etdirilmədiyi qeyd olunub.
Qeyd olunan məsələlər üzrə Hesablama Palatasının qərarlarının icrası hazırda izlənilmə mərhələsində qalır.