IMG-LOGO

Almaniyanın XİN başçısı ABŞ-nin Qrenlandiyanı ələ keçirmək üçün hərbi əməliyyat keçirəcəyini gözləmir

13 Jan 2026 06:51 4 baxış
IMG

Almaniyanın xarici işlər naziri Yohann Vadeful ABŞ-nin Qrenlandiyanı ələ keçirməyə yönəlmiş hərbi əməliyyat keçirəcəyini gözləmədiyini bildirib.

"Report"un DPA agentliyinə istinadən məlumatına görə, o, bu barədə Vaşinqtonda amerikalı həmkarı Marko Rubio ilə görüşdən sonra jurnalistlərə bildirib.

"Bunun ciddi şəkildə nəzərdən keçiriləcəyinə inanmaq üçün heç bir səbəbim yoxdur", - Vadeful deyib.

O, Arktika bölgəsində yaranan təhlükəsizlik məsələlərinin həllində və nizamlanmasında ortaq maraqların olduğunu bildirib.

Almaniyanın xarici işlər naziri Danimarka və ABŞ hökumət nümayəndələrinin bu həftə Qrenlandiya ilə bağlı danışıqlar aparacağını alqışlayıb. "Şübhə etmirəm ki, bu, dostcasına və tərəfdaşlıq şəraitində baş tutacaq", o qeyd edib.

Vadeful həmçinin qeyd edib ki, NATO-nun Avropa ölkələri Arktikada təhlükəsizliyin təmin edilməsi üçün daha konkret planlar hazırlamaq prosesindədirlər və bu planlar daha sonra ABŞ ilə müzakirə olunacaq. "Şübhəsiz ki, bütün tərəflər bu məsələləri NATO daxilində müzakirə etməyə hazırdır", - nazir vurğulayıb.

O, eyni zamanda qeyd edib ki, Qrenlandiya və Danimarkaya təsir edən məsələlərə gəldikdə, qərarı Qrenlandiya və Danimarka verməlidir. "Qrenlandiyada yaşayan insanlar qərar verməlidirlər", - Almaniya xarici işlər naziri yekun olaraq bildirib.

Xəbər lenti