IMG-LOGO

“Qara xəbəri ən sonda dedilər” – Həbsxanada öldürülən məhkumun anası

25 Aug 2026 16:38 3 baxış
IMG
1 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə cəzaçəkmə müəssisəsində digər məhkumu öldürməkdə təqsirləndirilən Nurullah Əkbərlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, proses zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi ilə davam edib.

Zərərçəkmiş Xəqani Şükürovun hüquqi varisi Ş.L. hadisə baş verən gün oğlu ilə danışacağını gözlədiyini bildirib.

“Evdə idim, Xəqaninin zəngini gözləyirdim. Bir həftə sonra da yanına gedəcəkdim. Qara xəbəri məndən qabaq bütün Hökməli bilirmiş. Evimə gəldilər, bu xəbərdən dünyam başıma yıxıldı. Mənim oğlum əxlaqsız deyildi, 12 il idi namaz qılırdı”, - deyə o bildirib.

Zərərçəkmişin anası oğlunun əvvəllər adam öldürməkdə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edildiyini də deyib. Onun sözlərinə görə, Xəqani müxtəlif vaxtlarda cərimə kamerasına salınıb və bunun səbəbi digər məhkumlarla əlbəyaxa olması olub.

Hüquqi varis oğlunun ölüm səbəbi ilə bağlı rəsmi sənədlərdə göstərilən məlumatlarla razılaşmadığını bildirib:

“Mənə kağızdan oxuyublar ki, Xəqani qabaqdan, döş qəfəsindən vurulub. Bu, doğru deyil. Onu arxadan vurublar”.

Məhkəmə daha sonra şahid ifadələri ilə davam edib.

Hadisə baş verən gün cəzaçəkmə müəssisəsində həkim kimi çalışan C.İ. bildirib ki, həmin gün qeyri-iş günü olub.

“Xəqanini tibb məntəqəsinə gətirəndə təzyiqi normal deyildi, halı qarışmışdı. Təzyiqini tənzimləmək üçün iynə vurdum. Sonra onu çölə çıxartdıq. Təzyiqinin sıfır olduğunu görəndə şoka düşdüm və dərhal ürək masajına başladım. Bütün cəhdlərimə baxmayaraq, vəziyyəti düzəlmədi. Boğulurmuş kimi çətin nəfəs alırdı. İki-üç dəfə dərindən nəfəs aldı və öldü”, - şahid deyib.

Həkimin sözlərinə görə, Xəqaninin dava nəticəsində bu vəziyyətə düşdüyünü ona deyiblər.

“Onu gətirəndə geyimində heç bir qan izi və ya ləkə yox idi. Mən yalnız ilkin tibbi yardım edə bilərdim. Birbaşa cərrahi müdaxilə etmək mənim ixtisasım deyildi”, - şahid əlavə edib.

Digər şahid Ə.S. isə hadisə günü yataqxana hissəsində baxış keçirdiyini deyib.

“Saat təxminən 12 olardı. Nurullah qarşıma çıxdı, salam verib keçdi. Yataqxanaya qalxanda həyəcan siqnalı verildi. Tez qaçıb içəri girəndə artıq aranın sakitləşdiyini, dalaşanların ayrıldığını gördüm. Xəqanini dərhal tibb məntəqəsinə apardıq”, - şahid bildirib.

Məhkəmənin növbəti iclası sentyabrın 22-si saat 14:30-a təyin olunub.

Xatırladaq ki, hadisə 2025-ci il noyabrın 10-da 7 saylı cəzaçəkmə müəssisəsində baş verib.

İttihama görə, müəssisədə cəza çəkən Nurullah Əkbərli şəxsi münasibətlər zəminində digər məhkum Xəqani Şükürovu özünün hazırladığı kəsici-deşici alətlə qətlə yetirib.

Nurullah Əkbərliyə Cinayət Məcəlləsinin 120.1-ci - qəsdən adam öldürmə və 317-2.1-ci - cəzaçəkmə müəssisəsində qadağan olunmuş əşyanın hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi maddələri ilə ittiham elan olunub.

Qeyd edək ki, bu hadisə ilə bağlı əvvəllər mediada məlumat yayılmayıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsi Nurullah Əkbərli Xəqani Şükürov 7 saylı cəzaçəkmə müəssisəsi məhkum öldürüldü həbsxanada qətl məhkumlar arasında dava qəsdən adam öldürmə məhkəmə kriminal Firdovsi Əliyev cəzaçəkmə müəssisəsi ölüm şahid ifadəsi Lent.az

Mənbə: lent.az

Xəbər lenti