IMG-LOGO

Azərbaycanın ötən il Suriyaya nəql etdiyi təbii qazın həcmi açıqlanıb

12 Jan 2026 12:44 7 baxış
IMG

Ötən il Azərbaycan Suriyaya 0,5 milyard kubmetr təbii qaz ixrac edib.

"Report" xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2025-ci il üzrə açıqladığı operativ məlumatlarında deyilir.

Həmçinin 2025-ci ildə Azərbaycan Avropaya 12,8 milyard kubmetr təbii qaz ixrac edib. Bu, 2024-cü ilin göstəriciləri ilə müqayisədə Avropaya qaz satışı 0,1 milyard kubmetr və ya 0,8 % azdır.

Ümumilikdə isə 2025-ci ildə Azərbaycandan xaricə qaz satışı 25,2 milyard kubmetr təşkil edib ki, bu da daha əvvəlki ildəki göstərici ilə müqayisədə eyni səviyyədə qalıb.

Ötən il ərzində Azərbaycan Türkiyəyə 9,6 milyard kubmetr, Gürcüstana isə 2,3 milyard kubmetr həcmində qaz satıb. Türkiyəyə qaz ixracı 2024-cü illə müqayisədə 0,3 milyard və ya 3 % az, Gürcüstana qaz ixracı isə 0,1 milyard kubmetr və ya 4,2 % azalıb.

Hesabat dövründə Türkiyəyə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə 5,6 milyard kubmetrə yaxın qaz nəql olunub. Bu da illik müqayisədə eyni səviyyədə qalıb.

Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetrə çatıb.

TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. Kəmərin ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

Türkiyəyə Azərbaycanın "Şahdəniz" yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya hökuməti arasında imzalanmış sənədə əsasən, ilkin mərhələdə Suriyaya ildə 1,2 milyard kubmetr təbii qazın ixracı planlaşdırılır. Qaz Türkiyənin Kilis şəhəri vasitəsilə Hələb və Homsdakı elektrik stansiyalarına çatdırılacaq və elektrik enerjisi istehsalında istifadə olunacaq. Bu proses nəticəsində 1 200-1 300 meqavatlıq elektrik istehsalı gücünə nail olunması nəzərdə tutulur.

Xəbər lenti