IMG-LOGO

Səhnədən narkotik asılılığına qədər - Unudulan Samir Bağırov

09 Jul 2026 17:12 13 baxış
IMG
3 0

Uzun illər sənətdən və səhnədən uzaq qalmağı seçən müğənnini çoxlarınız Briliant Dadaşova ilə birgə ifa etdiyi "Geri verərmi" mahnısı ilə xatırlayır. 

Lent.az-ın “Unudulan sənətkarlar” rubrikasında bu dəfə sizə müğənni Samir Bağırovdan danışacağıq.

Azərbaycan estradasının ən fərqli və özünəməxsus sənətçilərindən biri hesab olunan Samir Bağırov 21 avqust 1967-ci ildə Bakıda anadan olub. Atası tatar, anası Ukraynadan olan müğənninin əsl adı Samir Rafiq oğlu Minullindir. Lakin o, səhnə fəaliyyətində ata nənəsinin soyadı - Bağırovdan istifadə edib. 

Uşaq yaşlarından musiqiyə həvəsi olan Bağırov 126 nömrəli orta məktəbi bitirdikdən sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının klassik vokal fakültəsində təhsilini davam etdirib. Daha sonra hərbi xidmətə çağırılıb və Sovet Ordusunun hərbi ansamblında solist kimi çıxış edib. Xidmətdən qayıtdıqdan sonra isə peşəkar musiqi fəaliyyətinə başlayıb. Onun ilk iş yeri isə Teymur Mirzəyevin rəhbərlik etdiyi "Qaya" Dövlət Estrada Orkestri olub.

Şöhrətə aparan yol

Onun şöhrətə aparan yoldakı dönüş nöqtəsi  "Bakı Payızı" müsabiqəsindən başlayıb. Samir Bağırov 1988-ci ildə keçirilən müsabiqənin laureatı olub. Daha sonra "Yalta-91" beynəlxalq müsabiqəsində uğur qazanıb və beləliklə, həm də keçmiş SSRİ məkanında populyarlaşmağa başlayıb. Sözügedən zamanda məşhur bəstəkar İqor Krutoy onun üçün mahnılar yazıb və ifa etdiyi "Otzovis" mahnısı ona uğur gətirib.

Estradanın fərqli siması

Samir Bağırovun təkcə səs deyil, həmçinin fərqli səhnə obrazı tamaşaçıların diqqətini hər zaman özünə çəkib. Xüsusilə, 1990-cı illərdə qeyri-adi sayılan geyim tərzi, saç düzümü və səhnə performansları ilə seçilib.  O, pop musiqisini caz, rokla birləşdirərək fərqli elementlər yaratmağı və dinləyicilərin könlünə yol tapmağı bacarıb. 

Məşhurluğun zirvəsindən - səhnədən uzağa

Müğənninin "Geri verərmi", "Sevgilim", "Sevmədin gülüm", "Mənsiz", "Deyirdim sənə" kimi mahnıları hər zaman dinləyicilər tərəfindən sevilərək dinlənilib və ona böyük uğur gətirib. 

Lakin bu şöhrətidən uzaqlaşmağı seçən müğənni 2010-ların əvvəlindən etibarən görünməməyə başlayıb. O, ekranlardan uzaqlaşmağı seçib və daha az görünməyə başlayıb. Müğənni bu barədə danışarkən bildirib ki, səbəb qalmaqallardan yorulması, səhnədən uzaqlaşmaq istəyi və daxili dünyasında yorğunluğu daşıya bilməməsidir. 

Narkotik asılılığı 

Samir Bağırovun haqqında yazılan və özünün də etiraf etdiyi məsələlərdən biri zamanında narkotikdən asılı olmasıdır. Müğənni bu haqda danışarkən sözügedən dönəmi həyatının ən ağır hissəsi hesab edib. O bildirib ki, bu amil onun həm şəxsi, həm də sənət həyatına mənfi təsir göstərib. Lakin müğənni uzun zaman müalicə aldıqdan sonra bu asılılıqdan xilas olmağı bacara bilib. 

Yenidən qayıtmaq istəyi

Sakit həyat tərzi keçirən müğənni əvvəlki qədər olmasa da, son illər bəzi televiziya kanallarında görünüb. O, son olaraq "Ölmədən öncə" ifasını dinləyiciləri üçün bölüşüb. Qeyd edək ki, müğənni şəxsi həyatını hər zaman mediadan uzaq saxlamağa çalışıb. 

Bütün bunlara baxmayaraq, o hələ də dinləyicilər üçün səhnə, səs, geyim və ifaları ilə sevilən müğənni olaraq qalır. 

samir bağırov müğənni

Mənbə: lent.az

Xəbər lenti