IMG-LOGO

AÇG və "Şahdəniz"dən hasil edilən neft-qazın həcmi açıqlanıb

12 Jan 2026 12:53 6 baxış
IMG

Xəzər dənizin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku və "Şahdəniz" yataqları istismara veriləndən bu il yanvarın 1-nədək 670,3 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib.

"Report" xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2025-ci il üzrə açıqladığı operativ məlumatlarında deyilir.

Bu yataqlar istismara veriləndən bu ilin yanvarın 1-nədək isə 508,6 milyard kubmetr qaz hasil edilib.

Bu müddət ərzində AÇG-dən 617,8 milyon ton neft, 243,9 milyard kubmetr qaz, "Şahdəniz"dən isə 52,5 milyon tona yaxın kondensat, 264,7 milyard kubmetr qaz çıxarılıb.

​​​​​​​Bu yataqlardan yanvarın 1-nə olan tarixinədək 668,3 milyon ton neft və 191,2 milyard kubmetr qaz ixraca nəql edilib.

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (31,65 %), "MOL Group" (9,57 %), INPEX (9,31 %), "ExxonMobil" (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), "ONGC Videsh Limited" (OVL) (2,92 %) pay sahibidir.

"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 29,99 %), "LUKoil" (19,99 %), TPAO (19 %), NİCO (10 %) Cənub Qaz Dəhlizi (16,02 %) və MVM (5 %) şirkətləri iştirak edir.

Xəbər lenti